BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
ABŞ-ın "Həşd əş-Şaabi"nin (Xalq Səfərbərliyi Qüvvələri /XSQ) buraxılması ilə bağlı təzyiqləri hər gün artmaqdadır. İraq rəsmiləri dəfələrlə XSQ -dən narahat olduqlarının desələr də bu radikal qurumun ləğvi üçün hər hansı bir addım ata bilməyib.
Bütün bu məsələlər fonunda, XSQ bu günlərdə İraqda siyasi mübahisə və dialoqların ən çox müzakirə olunan mövzusu olaraq qalır və görünür, yaxın gələcəkdə də gündəmdən düşməyəcək.
Digər bir tərəfdən XSQ mövzusu təkcə daxili siyasi müzakirələrin
deyil, həm də ABŞ ilə
İran arasında danışıqların bərpası üçün irəli sürülən şərtlərdən
birinə çevrilib. İranın Bağdaddakı səfiri Məhəmməd Al Sadiq
bildirib ki, ABŞ administrasiyasının İrandan tələbləri arasında
“Həşdin ləğvi
və ya onun başqa qüvvələrə birləşdirilməsi” də yer alır. O,
bu tələbləri “nə İraq, nə də İran üçün qəbulolunan deyil” kimi
qiymətləndirib və “Həşd qanuni bir
qurumdur və (İŞİD) ilə mübarizədə mühüm rol oynayıb.” -
deyib.
Lakin İran səfiri bu məsələdə ziddiyyətli fikirlər səsləndirib: bir tərəfdən İranın “ XSQ-nin ləğvini qəbul etməyəcəyini deyib, digər tərəfdən isə bildirib ki, “Həşd qanuni İraq hərbi qurumudur və onunla bağlı qərarı yalnız İraq verə bilər. İranın bu məsələyə nə aidiyyəti var ki, amerikalılar bu barədə onunla danışırlar?”
Buna baxmayaraq, baş nazir Məhəmməd Şiə əs-Sudani sonuncu televiziya çıxışında
ABŞ-ın “Həşdin ləğvi ilə bağlı hər hansı müdaxiləsini təkzib
edərək, “belə bir
şeyin mövcud olmadığını və buna icazə verilməyəcəyini”
bildirib. Lakin baş nazirin Həşd ilə bağlı Amerika tələblərini
inkar etməsi, amerikalı rəsmilərin İraqla İran arasında
təhlükəsizlik məsələsindəki qarşılıqlı təsirə dair narahatlıqlarını
ifadə edən bəyanatlarının mövcudluğunu istisna etmir.
Məhz bu məsələyə ABŞ Dövlət Departamentinin sözçüsü Tami Brus 24
mart tarixli mətbuat konfransında toxunaraq, İraq hökumətini “İraq
sərhədləri daxilində bütün təhlükəsizlik qurumlarına, o cümlədən
Həşd üzərində nəzarəti təmin etməyə” çağırıb və əlavə edib ki, bu
qüvvə İranın deyil,
baş komandanın əmrlərinə tabe olmalıdır.
Burada maraqlı olan məqam ondan
ibarətdir ki, siyasi göstəricilər Həşd məsələsinə xarici baxışın
mürəkkəbliyindən xəbər verir və bu mövzu, ABŞ-ın İraq və İranla
olan qarşılıqlı əlaqələrinə dair baxışını, eləcə də Tehranla
Vaşinqton arasında böhranın mürəkkəbliyini formalaşdıran əsas
dosyelərdən biri ola bilər.
Bunun əksinə olaraq, şiə siyasi liderləri “Əlaqələndirmə Çərçivəsi”
daxilində Həşd üzərində nəzarəti kim əldə edəcək” mövzusunda
çəkişmələrlə məşğuldur.
Digər tərəfdən, siyasi liderlərin açıqlamaları arasında da ziddiyyətlər müşahidə olunur. Belə ki, bəzi bəyanatlarda “Həşdin İŞİD-lə döyüşlərin sona çatmasından sonra əsas vəzifəsinin “siyasi sistemi və demokratik prosesi qorumaq” olduğu vurğulanır, həmçinin siyasi nitqlərdə bu quruma “müqəddəslik” statusu verilməyə çalışılır. Bununla yanaşı, bəzi siyasi fiqurlar Həşd daxilində “kölgə şəxslərin” olduğunu, yəni maaş alan, lakin faktiki mövcudluğu olmayan şəxslərin adlarının olduğunu dilə gətirirlər. Bu ifadəni ilk dəfə sabiq baş nazir Heydər əl-İbadi işlətmişdi. Nuri əl-Maliki də bu mövzuya qayıdaraq, Həşdinn seçki və ya məzhəbi məqsədlərlə istifadəsinə dair cəhdlər olduğunu bildirib. Hər zaman olduğu kimi, bu siyasi fiqurlar Həşdi istismar etmək istəyənlərin kimliyini açıqlamırlar, sanki bu şəxslər heç bir siyasi kimliyə malik olmayan yadplanetlilərdir!
Bəzi şəxslər isə rəsmi vəzifə daşıdıqları halda Həşd daxilində fəaliyyət göstərirlər və bahalı maşın karvanları və mühafizə dəstələri ilə özlərini nümayiş etdirirlər. Məsələn, Mosulda Həşd əməliyyatlarının müavin rəhbəri Usamə əl-Kildani lüks avtomobillərlə (ümumi dəyəri 6 milyon dolları keçən) videolarda görünmüş, bu da Baş nazirin onu vəzifədən azad etməsinə və məsələsini Korrupsiya Komissiyasına yönləndirməsinə səbəb olmuşdur.
Digər bir ziddiyyət də Həşdin müdafiəçiləri arasında müşahidə olunur. Onlar bu qurumu şiə hakimiyyət təcrübəsinin daxildən və xaricdən gələn təhdidlərə qarşı qoruyucu layihə kimi təqdim etsələr də, eyni zamanda onu dövlət qurumları üzərində siyasi nəzarət uğrunda gedən çəkişmələrə cəlb etməyə çalışırlar. Bu səbəbdən diqqət Həşdin rəhbəri kim olacaq, yüksək vəzifələr necə bölüşdürüləcək və qurumun seçkilərdə necə istifadə ediləcəyinə yönəlib. Beləliklə, dövləti və onun təcrübəsini qorumaq üçün yaradılmış bir qurumun simvolik dəyəri, fərdi mübarizə predmeti halına gətirilərək bu və ya digər “lider”in maraqlarına xidmət etdirilir. Belə şəraitdə bu qurumun hansı simvolik dəyəri qala bilər ki?
Həşdin xidmət və təqaüd qanunu ilə bağlı mübahisələrin artmasından sonra, əsas fikir ayrılığı qurumun rəhbəri Falih əl-Fəyazın qanuni yaşı ilə bağlı olduğuna görə, hökumət 11 mart 2025-ci ildə qanun layihəsini parlamentdən geri çəkərək dəyişdirmək qərarı aldı.
Siyasi qüvvələr qanunun iki versiyasını birləşdirərək yeni bir layihə kimi parlamentə təqdim etməyə, Fəyazın təqaüd yaşı ilə bağlı məsələnin isə müvəqqəti təxirə salınmasına razılaşıblar. Layihəyə görə, “Rəhbər (başçı) qurumun fəaliyyətinə nəzarət edən, onu idarə edən, vəzifələrini yerinə yetirən, nazir statusunda olan və qanuna əsasən təyin olunan şəxsdir.” Əgər bu layihə təsdiqlənərsə, Falih əl-Fəyaz cari hökumət dövründə vəzifəsində qalacaq.
Qanunun əsas ideyası Həşd üzvləri və
şəhid ailələrinin maliyyə təminatını və təqaüd hüquqlarını
tənzimləməkdir.
Lakin parlamentdə ilk oxunuşu keçirilmiş yeni layihə əsas diqqəti
mövcud “Həşd” strukturuna hüquqi legitimlik qazandırmağa yönəldir.
Belə ki, 2016-cı ildə qəbul edilmiş 40 saylı “Həşd əş-Şaabi
Komitəsi” qanunu cəmi üç maddədən ibarət idi və şəxsi heyətə
dair işə qəbul və ya idarəetmə strukturu haqqında ətraflı məlumat
vermirdi.
2019-2023-cü illər arasında Həşdin şəxsi heyətinin sayı 95 faiz artıb. Əgər 2019-cu il büdcə sənədlərində 122 min nəfər qeyd olunurdusa, bu rəqəm 2023-cü ildə 238 minə çatıb. Həmçinin 2019-cu ildə quruma ayrılan 2.5 trilyon İraq dinarı (təxminən 1.7 milyard dollar) 2023-cü ildə 3.7 trilyon dinara (2.8 milyard dollar), 2024-cü ildə isə 3.4 milyard dollara yüksəlib. Bu artım həm maliyyə resurslarına, həm də şəxsi heyətə nəzarət üstündə gedən çəkişmənin əsas səbəbidir. Xüsusilə, Həşd üzvlərinin seçkilərdə səslərini əldə etmək uğrunda mübarizə artıq gizli deyil.
“Əlaqələndirmə Çərçivəsi” daxilində bəzi tərəflər Falih əl-Fəyazın növbəti seçkilərə qədər vəzifədə qalmasına razıdır. Bu fikir hökumətə və seçkilərdə Fəyazla ittifaq qurmaq istəyənlərə aiddir.