Əsas səhifə » Qırğızıstan və Tacikistan ratifikasiya protokolunu imzaladı

Qırğızıstan və Tacikistan ratifikasiya protokolunu imzaladı

BAKI, AzerVoice

Bu gün, 31 mart tarixində Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmon Tacikistanın Xucənd şəhərində ratifikasiya sənədlərinin mübadiləsi protokolunun imzalanma mərasimində iştirak ediblər.

AzerVoice xəbər verir ki, dövlət başçıları bu sazişin Qırğızıstan və Tacikistan arasında hərtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Onlar bildiriblər ki, bu addım iki ölkə arasında qarşılıqlı etimadı daha da artıracaq, sabit və sülhsevər əlaqələrin inkişafına töhfə verəcək. Prezidentlər, həmçinin, sazişin gələcək nəsillər üçün siyasi yetkinliyin, qardaşlığın və tarixi məsuliyyətin nümunəsi olacağına inandıqlarını bildiriblər.

Ratifikasiya sənədləri iki ölkə arasında Dövlət Sərhədi haqqında sazişi hüquqi baxımdan təsdiqləyir. Bu isə sərhədin tam demarkasiyasını təmin edəcək, sərhəd infrastrukturunun müasirləşdirilməsinə imkan yaradacaq və sərhədyanı bölgələrdə mehriban qonşuluq münasibətlərinin inkişafına təkan verəcək.

Bu çərçivədə, sərhəd bölgələrində təhlükəsizliyin və stabilliyin qorunması, iqtisadi və sosial sahədə yeni əməkdaşlıq imkanlarının açılması gözlənilir.

Qeyd edək ki, son illərdə iki ölkə arasında sərhəd məsələləri ilə bağlı müxtəlif gərginliklər yaşanıb. Lakin bu razılaşma qarşılıqlı anlayış və əməkdaşlıq çərçivəsində müsbət nəticələr əldə olunacağına ümid yaradır. Saziş çərçivəsində görüləcək işlərin gələcəkdə bölgənin iqtisadi inkişafına və əhalinin rifahına müsbət təsir edəcəyi gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice