BAKI, AzerVoice
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Xarici İşlər naziri Gideon Saarın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında X platformasında verdiyi açıqlamaya sərt reaksiya verib.
AzerVoice xəbər evrir ki, nazirlik Saarın bu bəyanatını rədd etdiyini bildirib.
“İsrailin Xarici İşlər naziri tərəfindən edilən bu hörmətsiz və əsassız iddialar, Netanyahu və tərəfdaşlarının törətdikləri cinayətləri ört-basdır etmək üçündür. Bu küçə üslubundakı açıqlamanı qətiyyətlə rədd edirik”, - deyə nazirliyin verdiyi açıqlamada qeyd olunub.
Bundan əlavə, Nazirlik İsrailin Qəzzada həyata keçirdiyi hücumların genişlənəcəyinə və bölgədə digər ölkələri də qeyri-sabitliyə sürükləyəcəyinə dair narahatlıqların artdığını bildirib.
“İsrailin hədəf aldığı günahsız mülki şəxslərin hüquqlarını müdafiə etməyə davam edəcəyik” – deyə nazirlik vurğulayıb.
Türkiyə XİN, İsrailli rəsmilərin təbliğat səylərinə baxmayaraq həqiqəti açıq şəkildə ifadə etməkdən çəkinməyəcəyini və Fələstin xalqının yanında olmağa davam edəcəyini bir daha bəyan edib.
Qeyd edək ki, İsrailin Xarici İşlər naziri Gideon Saar, X platformasında verdiyi açıqlamada Ərdoğanı hədəf alaraq, onu “diktator” adlandırıb və bu ifadələri işlədib:
“Diktator Ərdoğan antisemitik simasını ortaya qoydu. Ərdoğanın həm bölgə, həm də öz xalqı üçün təhlükəli olduğu son günlərdə daha aydın şəkildə görüldü. Ümid edirik ki, NATO üzvləri bunu anlayar."