BAKI, AzerVoice
İranlı hərbi rəsmilərdən biri, ABŞ-ın İrana hücum etməsi halında Tehranın Hind Okeanındakı Dieqo Qarsia adasında yerləşən ABŞ–Böyük Britaniya ortaq hərbi bazasını vuracağını bildirib.
AzerVoice xəbər verir ki, İran dövlət mediası da bu mövqeni təsdiqləyib.
"İran xalqına qarşı düşmənçilik aktlarına yol verilərsə, Çagos adalarındakı Dieqo Qarsia bazası raketlər və kamikadze dronlarla hədəf alınacaq", - deyə İran mediasının verdiyi bəyanatda qeyd olunub.
İran tərəfi dövlət mediası vasitəsilə bu hücumları həyata keçirə biləcək silah gücünə sahib olduğunu bildirib. Bəyanatda, İranın “Xorramşahr” adlı orta mənzilli ballistik raketlərinin yeni versiyalarına və 4 000 km mənzilli “Şəhid-136B” kamikadze dronlarına sahib olduğu qeyd olunub.
İngiltərə hökumətinin sözçüsü isə İranın təhdidlərinə cavab olaraq bildirib:
“Bu təhdidləri ən sərt şəkildə qınayırıq. Birləşmiş Krallıq hökuməti bölgədəki tərəfdaşları ilə birlikdə gərginliyin azaldılması üçün çalışmağa davam edir. Dieqo Qarsiya bazası, Birləşmiş Krallıq və ABŞ-ın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır və həm regional, həm də beynəlxalq təhlükəsizliyin təmin edilməsində kritik rol oynayır.”
Məlumat üçün bildirək ki, Dieqo Qarsiya bazas Çaqos arxipelaqının ən böyük adasında yerləşir və 1970-ci illərdən bəri fəaliyyət göstərir.
Adada təxminən 4 min ABŞ və Britaniya personalı yerləşir; bunların bir hissəsi hərbçilər, digərləri isə mülki podratçılardır. Britaniya hərbi kontingenti təxminən 40 nəfərdən ibarətdir və onlar polis, gömrük və təhlükəsizlik xidmətlərini həyata keçirirlər.
Xatırladaq ki, bu ay Tehran ABŞ Prezidenti Donald Trampdan nüvə sazişi ilə bağlı rəsmi məktub alıb. Lakin İranın ali lideri Ayətullah Əli Xamenei ABŞ-la danışıqların aparılmayacağını qeyd etmişdi.
“2015-ci il nüvə sazişini cıran biri ilə danışıqlar masasına oturmağın heç bir faydası yoxdur”, - deyə Xamenei bildirib.
Daha sonra isə Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts İranın nüvə proqramından tamamilə imtina etməsini tələb etmişdi.
"Biz açıq şəkildə demək istəyirik ki, hazırda Barak Obamanın və ya Co Baydenin administrasiyalarındakı "mən sənə, sən mənə" prinsipi artıq tətbiq olunmur. Məsələ bütövlükdə nüvə proqramı ilə bağlıdır. Ondan imtina edin, əks alda nəticələri pis olacaq", – deyə o bildirib.
Daha sonra isə, Tramp İranla nüvə proqramı üzrə razılaşmanın əldə edilməyəcəyi təqdirdə, İranı pis nəticələr gözləyəcəyini bildrimişdi.
"İran, müzakirə etmək istədiyim məsələlər siyahısındadır. İranla bir həll yolu tapmağı üstün tuturam. Amma həll tapılmasa, İran üçün pis nəticələr olacaq", - deyə Tramp bildirib.