BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi
Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Əl-Əzhər şeyxi Əhməd ət-Tayyiblə münasibətləri yaxınlaşdırmaq üçün atdığı addımlar, onunla olan fikir ayrılığını yumşaltmaq və xarici təhdidlər fonunda Əl-Əzhər institutu ilə münasibətləri yenidən formalaşdırmaq niyyətində olduğunu göstərir. Məqsəd ölkə daxilində milli birliyi gücləndirmək və Əl-Əzhərin siyasətindən İxvan və sələfi cərəyanlarını uzaqlaşdırmaqdır.
Prezident Sisi şeyx Əhməd ət-Tayyibə telefon zəngi edərək, onun səhhəti ilə maraqlanıb. Qeyd edək ki, şeyx Tayyib bir neçə gün öncə keçirilən Qədr gecəsi tədbirində iştirak edə bilməmişdi. Prezident bu zəngdə Əl-Əzhərlə və onun rəhbərliyi ilə olan münasibətlərin xüsusi mahiyyət daşıdığını bildirib, şeyxə şəfa diləyərək, İslamın mülayim dəyərlərini yaymaq istiqamətindəki səylərini yüksək qiymətləndirib.
Prezidentin Əl-Əzhərə qarşı indiki üslubu əvvəlki dövrlərdəki tənqid dolu ritorikadan fərqlənir. Əvvəllər Sisi Əl-Əzhərin bəzi dini və ictimai məsələlərdə sərt mövqeyinə görə onu tənqid edirdi. Lakin bu dəfə o, “radikal düşüncə” və “ekstremizmə” qarşı mübarizədə əldə olunan uğurlardan danışaraq, institutla bağlı yeni bir yanaşma sərgilədi.
Bu addım, prezidentlik institutu ilə Əl-Əzhər rəhbərliyi arasında baş verən fikir ayrılıqları və onların dini təbliğatın yenilənməsi ilə bağlı fərqli mövqeləri ətrafında cəmiyyətdə yaranmış gərginliyi və qütbləşməni aradan qaldıra bilər.
Şeyx Əhməd ət-Tayyib də prezidentin bu mövqeyinə cavab olaraq bəyanat yayaraq, onun səhhəti ilə maraqlandığına görə təşəkkür edib. O, bu incə və qayğıkeş münasibətin dövlətlə dini institutlar arasında olan sıx əlaqənin göstəricisi olduğunu bildirib.
Misir hakimiyyəti üçün Əl-Əzhər dünyada istisna mövqeyə malikdir. O, İslamı doğru anlamaq üçün müsəlmanların istinad etdiyi beynəlxalq dini rəy mənbəyidir. Bu sözlər, Əl-Əzhərə və onun hazırkı rəhbərliyinə olan inamın yenidən bərpasına yönəlmiş bir mesaj kimi qiymətləndirilə bilər. Halbuki son illərdə şeyx Tayyibin sərt mövqeləri dolayısı ilə ona qarşı “Sisiyə çətinlik yaradır” şəklində ittihamlar səsləndirilirdi.
Ekspertlərin fikrincə, prezidentin bu yeni yanaşması həm Əl-Əzhər institutu, həm də şeyx Tayyibə olan inamın bərpasını ifadə edir. Bu, dövlətin qarşı-qarşıya olduğu daxili və xarici təhdidlər fonunda siyasi məqsədlərə xidmət edir. Əl-Əzhər asanlıqla ictimai rəyi yönləndirə bilən ən böyük dini institutdur.
Sabiq millət vəkili və dinlər üzrə araşdırmaçı Məhəmməd Əbu Hamid bildirib ki, hökumətlə Əl-Əzhər arasında münasibətlər heç vaxt açıq düşmənçilik həddinə çatmır. Bəzi məsələlərdə fikir ayrılıqları və fərqli baxışlar ola bilər, lakin çətin dövrlərdə bu fərqlər bir kənara qoyulur. Çünki radikal cərəyanlar bu cür fərqlilikləri öz siyasi məqsədləri üçün istifadə edə bilər.
Əbu Hamid “Əl-Ərəb” qəzetinə açıqlamasında bildirib ki, Əl-Əzhər çətin dövrlərdə etibar edilə bilən dini, mənəvi və siyasi qüvvə olduğunu sübut edib. Bu səbəbdən də rəsmi səviyyədə bəzi fiqh məsələlərindəki narazılıqları bir kənara qoymaq daha böyük problemlərin həllində müdrik addımdır. Əl-Əzhər həm beynəlxalq platformalarda, həm də ölkə daxilində geniş nüfuza malikdir və onun vətənpərvər mövqeləri çoxdur.
Sisi ilə Tayyib arasında əvvəlki fikir ayrılıqlarının aradan qaldırılması, hökumətin Əl-Əzhərin Fələstin məsələsində müsbət mövqeyini və rejimə hakimiyyətə dəstəyi qiymətləndirmə cəhdi kimi də başa düşülə bilər. Əl-Əzhərin, Qəzzə sakinlərinin Misirin Sina bölgəsinə köçürülməsinə qarşı çıxması, dövlətin rəsmi mövqeyi ilə uyğunlaşır və Əl-Əzhər bu məsələdə öz nüfuzunu hökumətin xeyrinə səfərbər edib.
Bəzi analitiklər bu yaxınlaşmanı dövlətin Qəzza sərhədində vəziyyətin nəzarətdən çıxması ehtimalına qarşı ehtiyat tədbiri kimi izah edir. Belə vəziyyətdə hökumət Əl-Əzhərin dəstəyinə daha çox ehtiyac duyacaq və bu səbəbdən tərəflər arasındakı uyğunluq əvvəlcədən göstərilməlidir.
Misir prezidenti yaxşı bilir ki, hazırda ən önəmli məsələ xalqın dövlətə olan dəstəyinin davam etməsidir. Bu da hər bir fikir ayrılığı ilə bağlı daha rasional və siyasi cəhətdən müdrik yanaşmanı tələb edir. Bəzi məsələlər müvəqqəti olaraq təxirə salına və ya dondurula bilər, lakin bu, hökumətin Əl-Əzhərin bütün mövqelərindən razı olduğu anlamına gəlmir.
Yaxınlaşmanın məqsədlərindən və motivlərindən asılı olmayaraq, bu vəziyyət bir həqiqəti açıq şəkildə göstərir: hökumət artıq Əl-Əzhərin nüfuzunu azaltmaq və ya onun təsirini zəiflətmək planlarından əl çəkib. Çünki o, bu institutla toqquşmanın xalq arasında narazılıq yaradaraq siyasi təhlükə formalaşdıra biləcəyini anlayıb. Bu da onu, reallıqla barışaraq Əl-Əzhərlə uzlaşmağa məcbur edib.