BAKI, AzerVoice
İran ABŞ prezidenti Donald Trampın İranın Dini lideri Ayətullah Əli Xameneiyə ünvanladığı məktubuna cavab verib.
AzerVoice-un məlumatına görə, İranın cavabı nüvə proqramı, ballistik raketlər, regional siyasət və təhdidlər olmaqla dörd əsas mövzu ətrafında qurulub və Trampın istifadə etdiyi üsluba uyğun şəkildə tərtib edilib.
İran tərəfi məktubdakı bütün bəndlərə ayrılıqda cavab verib. Tehran yalnız 2015-ci il Nüvə Razılaşması çərçivəsində və qarşılıqlı hörmət əsasında danışıqlara açıq olduğunu vurğulayıb, müdafiə və raket proqramları ilə bağlı danışıqları isə qəti şəkildə rədd edib.
Tehran, regional müttəfiqləri ilə münasibətlərin ikitərəfli razılaşmalara əsaslandığını və həmin tərəflərin müstəqil qərarlar verdiyini qeyd edib. İran, bu tərəflərlə imzalanacaq mümkün razılaşmalara açıq olduğunu bildirib.
Bununla yanaşı, İran rəhbərliyi milli maraqlarını qətiyyətlə qoruyacağını və hər hansı hücuma cavab verməkdə sərhəd tanımayacağını vurğulayıb.
Tehran, Trampın məktubuna cavabını Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vasitəsilə çatdırmağı rədd edərək, ənənəvi vasitəçilik yollarına üstünlük verdiyini və bu məqsədlə Oman hökumətinə güvəndiyini açıqlayıb.
Xatırladaq ki, bu ay Tehran ABŞ Prezidenti Donald Trampdan nüvə sazişi ilə bağlı rəsmi məktub alıb. Lakin İranın ali lideri Ayətullah Əli Xamenei ABŞ-la danışıqların aparılmayacağını qeyd etmişdi.
“2015-ci il nüvə sazişini cıran biri ilə danışıqlar masasına oturmağın heç bir faydası yoxdur”, - deyə Xamenei bildirib.
Daha sonra isə Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts İranın nüvə proqramından tamamilə imtina etməsini tələb etmişdi.
"Biz açıq şəkildə demək istəyirik ki, hazırda Barak Obamanın və ya Co Baydenin administrasiyalarındakı "mən sənə, sən mənə" prinsipi artıq tətbiq olunmur. Məsələ bütövlükdə nüvə proqramı ilə bağlıdır. Ondan imtina edin, əks alda nəticələri pis olacaq", – deyə o bildirib.
Daha sonra isə, Tramp İranla nüvə proqramı üzrə razılaşmanın əldə edilməyəcəyi təqdirdə, İranı pis nəticələr gözləyəcəyini bildrimişdi.
"İran, müzakirə etmək istədiyim məsələlər siyahısındadır. İranla bir həll yolu tapmağı üstün tuturam. Amma həll tapılmasa, İran üçün pis nəticələr olacaq", - deyə Tramp bildirib.