BAKI, AzerVoice
İranla nüvə proqramı üzrə razılaşma əldə edilməsə, İranı pis nəticələr gözləyir.
AzerVoice xəbər verir ki, bu sözlər ABŞ Prezidenti Donald Trampın verdiyi açıqlmada yer alıb.
"İran, müzakirə etmək istədiyim məsələlər siyahısındadır. İranla bir həll yolu tapmağı üstün tuturam. Amma həll tapılmasa, İran üçün pis nəticələr olacaq", - deyə Tramp bildirib.
Qeyd edək ki, bundan əvvəl İranın xarici işlər naziri Abbas Ərağçi bildirmişdi ki, ABŞ İrana qarşı siyasətini düzəltməyincə ölkəsi ABŞ ilə birbaşa danışıqlara getməyəcək, lakin “dolayı danışıqlar üçün yol açıqdır”.
O həmçinin bildirmişdi ki, 2015-ci il nüvə sazişinin mövcud formatda bərpa olunması mümkün deyil. Bununla yanaşı o qeyd etmişdi ki, İranın nüvə proqramı sülhməramlı xarakter daşıyır.
Xatırladaq ki, bu ay Tehran ABŞ Prezidenti Donald Trampdan nüvə sazişi ilə bağlı rəsmi məktub alıb. Lakin İranın ali lideri Ayətullah Əli Xamenei ABŞ-la danışıqların aparılmayacağını qeyd etmişdi.
“2015-ci il nüvə sazişini cıran biri ilə danışıqlar masasına oturmağın heç bir faydası yoxdur”,- deyə Xamenei bildirib.
Daha sonra isə Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts İranın nüvə proqramından tamamilə imtina etməsini tələb etmişdi.
"Biz açıq şəkildə demək istəyirik ki, hazırda Barak Obamanın və ya Co Baydenin administrasiyalarındakı "mən sənə, sən mənə" prinsipi artıq tətbiq olunmur. Məsələ bütövlükdə nüvə proqramı ilə bağlıdır. Ondan imtina edin, əks alda nəticələri pis olacaq", – deyə o bildirib.