BAKI, AzerVoice
İsrailin hava qüvvələri Livanın paytaxtı Beyrutun cənubundakı əl-Hədat məhəlləsinə hava zərbələri endirib.
AzerVoice xəbər verir ki, bu barədə Livan mətbuatı məlumat verib.
Məlumata əsasən, bu hava hücumdan sonra məktəblər bağlanıb. Hücumu heç bir tərəf öz üzərinə götürməyib.
İsrail ordusunun sözçüsü Avixay Adrai X platformasında etdiyi paylaşımda Beyrut sakinlərinə xəbərdarlıq edib.
“Beyrutun cənubunda, xüsusilə əl-Hədatda yaşayanlar – siz Hizbullahın hərbi obyektlərinin yaxınlığındasınız. Öz təhlükəsizliyiniz və ailənizin rifahı üçün bu binaları dərhal tərk etməli və ən azı 300 metr uzaqlaşmalısınız”, - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, bundan əvvəl İsrail ordusu, Livandan İsrailə iki raket mərmisinin atıldığını, onlardan birinin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu, digərinin isə Livan ərazisinə düşdüyünü bildirib. Ordunun “Dəmir Qübbə” hava müdafiə sistemi bu hücuma cavab olaraq hərəkətə keçib.
Digər tərəfdən, Hizbullah bu gün verdiyi açıqlamada, İsrail ərazisinə atılan raketlərlə heç bir əlaqəsinin olmadığını, atəşkəsə sadiq qaldığını bəyan edib.
Həmçinin qeyd edək ki, İsrail ordusunun sonuncu dəfə Beyruta hücumu ötən ilin 27 noyabr tarixində baş verib, bu zaman İsrail ilə Livan arasında atəşkəs razılaşması qüvvəyə minmişdi.