Əsas səhifə » Misir nümayəndə heyəti Dohada Qəzza üzrə danışıqlar aparacaq

Misir nümayəndə heyəti Dohada Qəzza üzrə danışıqlar aparacaq

Bakı, AzerVoice

Misir nümayəndə heyəti Qəzza üzrə danışıqları davam etdirmək üçün Qətərə yola düşüb.

AzerVoice xəbər verir ki, bu barədə Misirin "Əl-Qahirə əl-İxbariyə" telekanalı məlumat verib.

Məlumata əsasən, Misir nümayəndə heyətinin üzvləri israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi üzrə məsləhətləşmələri davam etdirmək məqsədilə Dohaya yola düşüblər.

Məlumata görə, nümayəndə heyətinə ölkənin təhlükəsizlik qüvvələrinin yüksək rütbəli əməkdaşları daxildir.

Görüş çərçivəsində Qəzzaya humanitar yardımın yenidən çatdırılmasının müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Misirin prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin Fələstinin haqq işinə dəstək vermək üçün əlindən gələni etməyə davam edəcəyini, Qəzzada atəşkəsin möhkəmləndirilməsi və razılaşmanın qalan mərhələlərinin həyata keçirilməsi üçün səy göstərəcəyini bir daha vurğulayıb.

Həmçinin qeyd edək ki, yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.

İsrail ordusunun yenidən hücumlara başlamasından bəri əksəriyyəti qocalar, qadınlar və uşaqlardan ibarət 830-dan çox fələstinli həyatını itirib, 1663-dən çox insan isə yaralanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice