BAKI, AzerVoice
Amerika Yunan İnstitutu Trampa məktub göndərərək Türkiyə ilə bağlı üç tələb irəli sürdü.
AzerVoice xəbər verir ki ,
Amerika Yunan İnstitutu ABŞ prezidenti Donald Trampa ünvanladığı
məktubda Türkiyənin F-35 proqramına qayıtmasına qarşı çıxmağı,
S-400 sistemindən imtina etməyə təşviq etməyi və CAATSA
sanksiyalarının ləğvinə qarşı mövqeyini qorumağı tələb edib.
Məktub, Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ-a səfəri
fonunda göndərilib.
Yunan mətbu orqanı Katimerini isə Fidanın amerikalı həmkarı Marko Rubio ilə görüşünü "Ankaranın F-35 prosesi" başlığı ilə işıqlandıraraq, Türkiyənin F-35-lə bağlı vəziyyətinin qeyri-müəyyən qaldığını qeyd edib. Xəbərdə Trampın müşavirlərinin qırıcı təyyarələrin Türkiyəyə satışının asan olmayacağını bildirdiyi və yekun qərarın prezidentə aid olduğu vurğulanıb.
Məktubda, həmçinin İsrailin də bu məsələdə təsir gücünə malik olduğu və Suriyadakı vəziyyətin Türkiyənin F-35 proqramına daxil olmasını İsrail üçün təhlükəli hala gətirə biləcəyi bildirilib. Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığından sonra yayılan məlumatda isə ABŞ hökumətinin S-400 məsələsinin həlli üçün müxtəlif variantları nəzərdən keçirdiyi qeyd olunub. Bunlar arasında sistemin qismən sökülməsi və ya ABŞ hərbi bazalarına köçürülməsi variantları da yer alıb.
Qeyd edək ki, Amerika Yunan İnstitutu 1974-cü ildə Kipr əməliyyatına cavab olaraq yaradılıb və həmin il ABŞ Konqresinin Türkiyəyə qarşı silah embarqosu tətbiq etməsinə təsir göstərib.