Bakı, AzerVoice
Türkiyədə keçirilən etiraz aksiyaları zamanı ümumilikdə 1133 nəfər saxlanılıb.
AzerVoice xəbər verir ki, Türkiyənin Daxili İşlər
Naziri Ali Yerlikaya etirazların gedişində 123 polis əməkdaşının
yaralandığını və təhlükəsizlik qüvvələrinin müxtəlif kütləvi
iğtişaş vasitələrini ələ keçirdiyini açıqlayıb.
O, nümayişlərin qanunsuz şəkildə təşkil edildiyini və küçələrdə
xaosa yol verilməyəcəyini bildirib.
İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan istintaq fonunda baş verən aksiyalarda daha 72 nəfər nəzarətə alınıb. Saxlanılanlar arasında jurnalistlər və fotomüxbirlər də yer alır. İstanbul Təhlükəsizlik Müdirliyinin açıqlamasına görə, son 4 gündə 216 nəfər icazəsiz nümayişlərdə iştirak etdikləri üçün istintaqa cəlb edilib.
Nazir Yerlikaya bildirib ki, saxlanılanlar arasında 12 müxtəlif terror təşkilatı ilə əlaqəli şəxslər müəyyən edilib. O, ictimai sabitliyi pozmaq istəyən heç kimin buna nail ola bilməyəcəyini və qanunsuz hərəkətlərin hüquqi nəticələrinin olacağını vurğulayıb.
Qeyd edək ki, nümayişlər zamanı prezidentin ailəsinə və milli-mənəvi dəyərlərə qarşı təhqiramiz ifadələr işlədildiyi iddia olunur. Bununla əlaqədar olaraq, 43 nəfər təxribatçı kimi saxlanılıb və əlavə istintaq tədbirləri davam etdirilir.