Bakı, AzerVoice
Mən sizə əvvəllər də demişəm, təxribatlarla vətəndaşlarımızın dincliyini pozmağı dayandırın.
AzerVoice xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə verdiyi açıqlamada yer alıb.
"Əgər cəsarətiniz varsa, korrupsiya, oğurluq, və qanunsuzluqların hesabını verin. Əgər davam edən istintaqda həbs olunan şəxslərə tam zəmanət verirsinizsə, bunu açıq və səmimi şəkildə deyin. Əgər bunu etmək fikriniz yoxdursa, boş yerə insanları əsəbiləşdirməyin. Təkcə şüarını deyil, mentalitetini də götürdüyünüz bank oğurlayan, marjinal solçu təşkilatları polisimizin qarşısına buraxmayın",- deyə Ərdoğan bildirib.
Ərdoğan, təxribatçıların ölkəyə vurduğu zərərdən utanacaqlarını ümid edib.
"O qədər qışqırırlar ki, əslində etdiklərinə, dedikləri sözlərə, göstərdikləri rəftarlara inanmadıqlarını sözləri ilə etiraf edirlər. Sözünə, əməlinə inanan insanların mövqeyindən zərrə qədər də olsa bu insanlarda yoxdur. Başda FETÖ olmaqla ölkəmizi təqib edən təşkilatların, üzümüzə düz yalan danışan beynəlxalq aktyorların da şousu pərdə bağlananda bitəcək. Geriyə baxanda, əgər hörmətləri qalıbsa, inanıram ki, ölkəyə vurduqları zərərdən utanacaqlar. Baxmayaraq ki, indiyə qədər heç vaxt namuslu davranışın şahidi olmamışıq. Amma biz də ümidimizi itirmək istəmirik.",- deyə Ərdoğan bildirib.
Ərdoğan həmçinin, Türkiyəsiz Avropanın təhlükəsizliyinin ola bilməyəcəyini vurğulayıb.
"Avropa ölkələrinin Türkiyəyə olan ehtiyacı etiraf edilməyə başlandı. Avropa ölkələri ilə əməkdaşlığımızı inkişaf etdirməyə hazırıq. Əlbəttə, bu, Türkiyənin təkbaşına göstərə biləcəyi bir iradə deyil. Eyni iradənin müvafiq tərəfdaşlarımızda da olması vacibdir. Türkiyənin sabit şəkildə izlədiyi strateji yanaşmanın Avropalı həmkarlarımızın siyasətlərinə yön verəcəyinə inanıram",- deyə Ərdoğan qeyd edib.
Bununla yanaşı Ərdoğan Novruz bayramının Türkiyədə rəsmi bayram elan edilməsinin tərəfdarı olduğunu bildirib.