Əsas səhifə » İsrail İordan Çayının qərb sahilində genişlənmə işləri aparır

İsrail İordan Çayının qərb sahilində genişlənmə işləri aparır

BAKI,AzerVoice

İsrail İordan çayının qərb sahilindəki bəzi yaşayış məhəllələrini ayıraraq onlara ilhaq planlaşdırır. İsrailin təhlükəsizlik kabineti , İordan çayının qərb sahilində yerləşən və hazırda işğal altında olan 13 məhəllənin qonşu yaşayış məntəqələrindən ayrılmasına qərar verib. Bu barədə İsrailin maliyyə naziri Betsalel Smotriç bazar günü açıqlama verib və bu addımı “yaşayış məntəqələrinə İsrail suverenliyinin qorunması yolunda mühüm bir addım” adlandırıb.

Smotriç “X” platformasında (əvvəlki Twitter) paylaşımında bildirib: “Nəhayət, bu yaşayış məhəllələri müstəqil yaşayış məntəqələri kimi tanınacaq və bu da hökumətin qərarı ilə İordan çayının qərb sahilində on minlərlə mənzil tikintisi planına uyğun olacaq.”

O həmçinin qeyd edib ki, müdafiə nazirliyində ikinci vəzifə sahibi və məskunlaşma məsələlərinə cavabdeh şəxs olaraq bu qərarın “Yəhuda və Şomron” (İsrailin Qərb Sahili üçün istifadə etdiyi ad) bölgəsində faktiki suverenliyin əldə edilməsi yolunda daha bir mühüm addım olduğunu deyib.

İsrail 1967-ci ildən bəri təxminən 3 milyon fələstinlinin yaşadığı İordan çayının qərb sahilini işğal altında saxlayır. Orada həmçinin təqribən yarım milyon israilli məskunlaşıb. Beynəlxalq hüquqa əsasən bu məskunlaşmalar qanunsuz hesab olunur.

Fələstin Administrasiyası isə İsrailin bu addımını pisləyib. Fələstin Xarici İşlər Nazirliyi verdiyi bəyanatda bu qərarı və onu müşayiət edən “Qərb Sahilinin ilhaqı yolunda bir addım kimi təqdim edilən israilli bəyanatları” qınayıb. Nazirlik bildirib ki, “məskunlaşmanın dərinləşdirilməsi və genişləndirilməsi, xüsusən də şimal bölgələrində, işğal altındakı İordan çayının qərb sahilində baş verən dağıntılar, məcburi köçürmələr, torpaq müsadirələri, ərəblərin qovulması və otlaq məskunlaşmalarının genişlənməsi ilə birgə aparılır.”

İsrail, həmçinin 7 oktyabr 2023-cü ildə HƏMAS tərəfindən həyata keçirilən hücumun təkrarlanmasının qarşısını almaq və "terrorla mübarizə" adı altında Qərb Sahilində əməliyyatlar aparır.

Basqınlar və köçürmələr

Bazar günü İsrail qüvvələri Qərb Sahilinin müxtəlif bölgələrində genişmiqyaslı basqın və həbslər həyata keçirib. Bu basqınlar zamanı bir çox fələstinli saxlanılıb, bəzi bölgələrdə qarşıdurmalar yaşanıb, onlarla evə basqın olunaraq axtarış aparılıb. Eyni zamanda, Cenin və Tulkarəm şəhərləri və onların ətrafındakı qaçqın düşərgələrində hücumlar davam edib.

Tulkarəmdə İsrail ordusu şəhərin şərqində yerləşən Muqata məhəlləsindəki onlarla fələstinlini evlərini tərk etməyə məcbur edib. Əlavə olaraq, Rəbaiyə məhəlləsində yaşayan bir sıra ailələr də köçürülüb. İsrail qüvvələri bəzi evləri hərbi postlara çevirib, sakinlərə isə evlərini tərk etmək üçün qısa vaxt verilib və sonradan bu evlərin dağıdılması planlaşdırılır.

Tulkarəmdə Xalq Xidmətləri Komitəsinin rəhbəri bildirib ki, İsrail ordusu düşərgənin müxtəlif məhəllələrində və ətraf ərazilərdə yaşayan insanlara yeni köçürülmə əmrləri verib və bəzi evlərin sökülməsi ilə bağlı rəsmi açıqlamalarda az say göstərilsə də, əslində çox sayda binalar dağıdılıb.

Sakinlər, evləri sökülməzdən əvvəl içəridən əşyalarını çıxarmağa icazə verilməsini tələb edirlər. Eyni zamanda, İsrail ordusu Cenin düşərgəsinə hərbi texnika və buldozerlərlə birlikdə hücumlarını davam etdirir. Orada yollar qazılır, dağıdılır və yeni yollar çəkilir.

Məlumata görə, işğalçı qüvvələr Tulkarəm və onun düşərgəsinə 56-cı, Nur Şəms düşərgəsinə 43-cü, Cenin və onun düşərgəsinə isə 62-ci gündür hücumlarını davam etdirir.

Bununla yanaşı, İsrail ordusu Xəlif şəhərinin şimalında yerləşən Əl-Arub qaçqın düşərgəsinə də daxil olaraq yeniyetmələri həbs ediblər.

Digər Kateqoriyalar

2025 © Azervoice