Əsas səhifə » Aksiyalarda qanun pozuntularına qarşı tədbirlər görülür- Yerlikaya

Aksiyalarda qanun pozuntularına qarşı tədbirlər görülür- Yerlikaya

BAKI, AzerVoice

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ötən gecə keçirilən nümayişlər zamanı 54 nəfərin saxlanıldığını, 16 polisin isə yaralandığını açıqlayıb.

AzerVoice xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı baş verən etiraz aksiyaları zamanı polis qüvvələri ilə nümayişçilər arasında gərginlik yaşanıb.

Nazir bildirib ki, qanun pozuntularına görə 53 nəfərə qarşı hüquqi tədbirlər görülüb.

Bundan əlavə, İstanbul Respublika Baş Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı başlatdığı korrupsiya və terror istintaqı çərçivəsində sosial mediada təxribat xarakterli paylaşımlar etdiyi müəyyən edilən 326 şübhəli hesab idarəçisindən 72-si xaricdədir. Bu şəxslərdən 54-ü artıq saxlanılıb, digərlərinin müəyyən edilməsi və tutulması üçün işlər davam etdirilir.

Nazir Yerlikaya sosial media hesabında verdiyi açıqlamada ictimai nifrət və düşmənçiliyə sövq edən paylaşımlar, eləcə də cinayətə təhriklə bağlı tədbirlərin davam etdiyini vurğulayıb. Kiber Cinayətlərlə Mübarizə İdarəsi və Təhlükəsizlik Departamentinin koordinasiyalı işi çərçivəsində aparılan əməliyyatlarda sosial mediada nifrət nitqi yayan şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə hüquqi addımlar atılır.

Nazir əlavə edib ki, nümayişlər zamanı polis qüvvələrinə müqavimət göstərən, ictimai əmlaka zərər verən və qanunu pozan şəxslərə qarşı hüquqi tədbirlər görüləcək. O, həmçinin yaralanan polis əməkdaşlarına tezliklə sağalmalarını arzulayıb və qanunun verdiyi səlahiyyət çərçivəsində cinayətkarlıqla mübarizənin qətiyyətlə davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsi ətrafında baş verən son hadisələr ölkədə geniş ictimai müzakirələrə səbəb olub. İmamoğlunun saxlanılması və bələdiyyəyə qarşı istintaq prosesinin siyasi motivli olub-olmaması ilə bağlı müxtəlif iddialar səsləndirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice