BAKI, AzerVoice
Yəməndə İran tərəfindən dəstəklənən husilər İsrailin Təl-Əviv şəhərinin cənubundakı hərbi hədəfə hipersəs ballistik raketlə zərbə endirdiklərini və əməliyyatın uğurla başa çatdığını bəyan ediblər.
AzerVoice xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Seri televiziya vasitəsilə yayımlanan açıqlamasında “İşğal altındakı Fələstinin Yaffa bölgəsində düşmən İsrailə məxsus hərbi hədəfi ‘Fələstin-2’ tipli hipersəs ballistik raketlə hədəfə aldıq və əməliyyat uğurla həyata keçirildi” ifadələrini işlədib.
Son 24 saat ərzində husilərin İsrailə qarşı ikinci əməliyyat keçirdiyini bildirən Seri, ABŞ-ın Yəməndə hücumlarını davam etdirdiyi müddətdə husilərin də Qəzzaya dəstək əməliyyatlarını dayandırmayacağını vurğulayıb.
Husilər dünən İsrailin Təl-Əvivdəki Ben Qurion beynəlxalq hava limanını və Qırmızı dənizdə ABŞ-a məxsus təyyarədaşıyan gəmini hədəfə aldıqlarını açıqlayıb.
Bundan əvvəl husilər martın 7-də İsrailə humanitar yardımların Qəzzaya girişinə icazə verməsi üçün 4 gün vaxt vermiş və əks halda dəniz əməliyyatlarını bərpa edəcəklərini bildirmişdilər.
ABŞ Prezidenti Donald Tramp martın 15-də “Truth” sosial platformasında Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyat əmri verdiyini açıqlayıb.
Husilərin lideri Əbdül-Malik əl-Husi isə ABŞ-ın hava və dəniz qüvvələrinin husilərin hədəfinə çevriləcəyini və Vaşinqtonun da dənizdə naviqasiya məhdudiyyətlərindən təsirlənəcəyini bildirib.
ABŞ və Böyük Britaniyanın paytaxt Səna daxil olmaqla bir sıra Yəmən şəhərlərinə endirdiyi hava hücumları nəticəsində ən azı 53 nəfər ölüb, 107 nəfər yaralanıb.