Əsas səhifə » Türkiyə ATMACA raketi ilə yeni mərhələyə keçid edir

Türkiyə ATMACA raketi ilə yeni mərhələyə keçid edir

BAKI, AzerVoice

Türkiyənin yerli istehsal ATMACA gəmi əleyhinə raketinin sualtı qayıqlardan buraxılan versiyası uğurla sınaqdan keçirilib.

AzerVoice xəbər verir ki "Kapsullaştırılmış ATMACA" adlanan bu yeni raket, Ankaranın müdafiə sənayesində əldə etdiyi irəliləyişləri və dənizlərdə strateji gücünü artırmaq istiqamətində atdığı mühüm addımları nümayiş etdirir.

Son günlərdə TCG Preveze sualtı qayığından buraxılan "Kapsullaştırılmış ATMACA" Türkiyənin bu sahədə yeni səviyyəyə yüksəldiyini göstərir. Hazırda dünyada sualtı idarə olunan raketlər buraxmaq qabiliyyətinə malik yalnız bir neçə ölkə var. Türkiyə bu sınaqla bu eksklüziv kluba qoşulub və eyni zamanda qonşu ölkələr üçün “naməlum” və sürpriz güc elementini əldə edib.

Müdafiə və Dəniz Mütəxəssisi Kozan Selçuk Erkan bu hadisəni "Türkiyə üçün yeni bir səhifə" kimi qiymətləndirərərk, "Artıq dənizin altından atəş açacağımız yerli və milli bir məhsulumuz var. Donanmamız əvvəllər ABŞ istehsalı olan Harpoon raketlərindən istifadə edirdi. İndi isə ATMACA var və biz onu öz tələblərimizə uyğun inkişaf etdirə bilərik." -deyə bildirib.

ATMACA raketinin sualtı versiyası Ankaraya strateji üstünlük qazandırır. Xüsusilə Türkiyənin yerləşdiyi coğrafiya - Qara dəniz, Egey və Şərqi Aralıq dənizi - böyük geosiyasi əhəmiyyət daşıyır.

Türkiyənin qonşuları əsasən Rusiyadan gələn oxşar sistemlərdən istifadə edirlər, onların texniki xüsusiyyətləri daha çox məlumdur. Lakin Kapsul ATMACA tamamilə yerli istehsal olduğu üçün onun detalları sirr olaraq qalır, bu da Türkiyənin dənizlərdə “gözlənilməz güc” statusunu artırır.

Mütəxəssislər bildirir ki, Kapsul ATMACA təkcə bir raket deyil, eyni zamanda strateji bir layihədir və ixrac potensialı yüksəkdir. Türkiyə Pakistanın Fransız sualtı qayıqlarını modernləşdirmək təcrübəsinə malikdir və gələcəkdə bu raketi beynəlxalq bazara çıxarmağı planlaşdırır.

Bundan əlavə, mütəxəssislər daha uzun mənzilli versiyanın üzərində işlərin aparıldığını qeyd edirlər. Xüsusilə MİLDEN (Milli Sualtı Layihəsi) ilə birlikdə daha güclü və uzun mənzilli raket sistemlərinin hazırlanması gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice