Əsas səhifə » Netanyahunun Hakimiyyət Oyunu: Qəzza Qətliamı və Siyasi Hesablar

Netanyahunun Hakimiyyət Oyunu: Qəzza Qətliamı və Siyasi Hesablar

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

İsrail ordusu ilə HƏMAS və onun hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları arasında fasiləsiz davam edən hərbi əməliyyatlardan sonra atəşkəs əldə olunmuşdu. Lakin martın 18-də, heç bir xəbərdarlıq olmadan, İsrail yenidən Qəzzaya hava hücumları təşkil etdi. İsrailin iddiasına görə, bu, HƏMAS nümayəndə heyətinə təzyiq göstərmək və onlarda girov saxlanan israillilərin yarısını - həm sağ olanları, həm də ölənlərin cəsədlərini - şərtsiz azad etməyə məcbur etmək məqsədi daşıyırdı.

İsrail siyasi mənbələrinin məlumatına görə, HƏMAS hələ də 59 israillini girov saxlayır, onlardan ən azı 28-i ölüdür.

İsrailin iddialarına əsasən, ordunun 100-dən çox hədəfə zərbələr endirməsi nəticəsində Qəzzada 400-dən çox insan həlak olub, onlardan 174-ü uşaq, 89-u qadın, 32-si isə yaşlı insanlardır. HƏMAS isə iki siyasi ofis üzvünün - Yasir Hərb və Məhəmməd əl-Cəmasinin - həlak olduğunu açıqlayıb. Həmçinin, HƏMAS-ın Qəzzadakı hökumət işləri komitəsinin rəhbəri İsam əl-Duqlis, Ədliyyə Nazirliyinin müavini Əhməd əl-Həttə, Daxili İşlər Nazirliyinin müavini general-mayor Mahmud Əbu Vüftə və Daxili Təhlükəsizlik Xidmətinin rəhbəri general-mayor Bəhrət Əbu Sultan da hava hücumları nəticəsində həyatlarını itiriblər. Onlar evlərində ailələri ilə birlikdə hədəfə alınıblar.

İsrailin yenidən hərbi əməliyyatlara başlamasının səbəbləri

İsrailin Qəzzaya qarşı hərbi əməliyyatlara yenidən başlamasının əsl səbəbi nədir? Baş nazir Benyamin Netanyahu və onun hökuməti, həqiqətənmi, HƏMAS-ı danışıqlar masasına qaytarmaq və girovları azad etməyə məcbur etmək üçün bu addımı atıb?

Xatırladaq ki, yanvarın 19-da İsrail və HƏMAS Misir, QətərABŞ vasitəçiliyi ilə atəşkəs və məhbus mübadiləsi razılığına gəlmişdi. Bu razılaşma çərçivəsində HƏMAS 33 israilli girovu, o cümlədən 8 meyiti təhvil vermiş, qarşılığında isə İsrail təxminən 1900 fələstinli məhbusu sərbəst buraxmışdı. Müqaviləyə əsasən, İsrail ordusu Qəzzanın şəhər və düşərgələrindən sərhəd zonalarına qismən geri çəkilmişdi. Lakin atəşkəsin ikinci mərhələsinə keçid üçün aparılan danışıqlar İsrailin süründürməçiliyi və şərtləri dəyişdirməsi səbəbindən baş tutmadı.

İsrailin atəşkəsə əməl etməməsi ilə bağlı ilkin siqnallar hələ birinci mərhələnin icrası zamanı özünü göstərirdi. İsrail razılaşmanın şərtlərinə uyğun olaraq lazımi humanitar yardımların, ağır texnikanın və məhbusların çıxışına tam icazə vermirdi. Misirdən gələn iki buldozer istisna olmaqla, ağır texnika Qəzzaya buraxılmadı. Həmçinin, razılaşmaya baxmayaraq, xəstələrin və müşayiətçilərin çıxışına ciddi məhdudiyyətlər qoyuldu.

Netanyahunun siyasi hədəfləri

Bütün bunlar İsrailin əsas məqsədinin HƏMAS-dan girovların maksimum sayını azad etmək, eyni zamanda isə minimal itki vermək olduğunu göstərir. Bundan başqa, ABŞ prezidenti Donald Trampın ötən il fələstinlilərin İordaniya və Misirə köçürülməsi planını irəli sürməsi, həmçinin HƏMAS-a bütün girovları dərhal buraxmaq üçün ultimatum verməsi də İsrailin son hücumlarının arxasında dayanan motivlərdən biridir.

Digər mühüm siyasi səbəb isə Netanyahunun hakimiyyətdə qalmaq üçün istənilən addımı atmağa hazır olmasıdır. Martın sonuna qədər İsrail parlamenti - Knesset dövlət büdcəsini təsdiqləməlidir. Əgər Netanyahu hökuməti 61 səs toplamazsa, o zaman hökumət süqut edəcək. Hakimiyyətdə qalmaq üçün Netanyahu yanvar ayında atəşkəs razılaşmasına etiraz edərək istefa verən ifrat sağçı siyasətçi İtamar Ben Qviri yenidən hökumətə qaytardı. Ben Qvir Qəzzaya humanitar yardımın dayandırılması, Trampın fələstinliləri köçürmək planının həyata keçirilməsi və hərbi əməliyyatların yenidən başlanmasını tələb edirdi. Netanyahu isə onun şərtlərini qəbul edərək hökumətini qorumağa çalışdı.

İsrailin kəşfiyyat fəaliyyəti və genişmiqyaslı hücum hazırlığı

İsrail ordusu və kəşfiyyat xidməti "Şabak" atəşkəs dövründə HƏMAS liderləri və rəsmi şəxsləri haqqında geniş məlumat toplamaq üçün xüsusi əməliyyatlar həyata keçirdi. Yeni Baş Qərargah rəisi Eyal Zamir, vəzifəyə gəldikdən sonra HƏMAS-ın tamamilə məhv edilməsi üçün planlar hazırladığını açıqladı.

Bundan əlavə, "Human Rights Watch" təşkilatının hesabatına görə, İsrail süni intellekt və digər rəqəmsal izləmə vasitələrindən istifadə edərək Qəzzada 37 min hədəf müəyyən edib. İsrailin "Lavender" və "Gospel" adlı proqramları dron və mobil telefonlar vasitəsilə kəşfiyyat məlumatlarını toplayıb.

Hakimiyyətdə qalmaq üçün fələstinlilərin qətliamı

Bütün bu gedişatlar göstərir ki, Netanyahu hökuməti yalnız siyasi məqsədlərini təmin etmək və hakimiyyətdə qalmaq üçün hərbi əməliyyatlara yenidən başlayıb. O, parlamentdə səs toplamaq üçünhərbi əməliyyatları genişləndirib, həmçinin ifrat sağçı tərəfdarlarını razı salmaq üçün Qəzzaya qarşı daha sərt tədbirlər görməyə çalışıb.

İsrailin hücumları nəticəsində Qəzzada minlərlə insan həyatını itirib, şəhərlər dağıdılıb, infrastruktur məhv edilib. Lakin Netanyahu və onun hökuməti öz siyasi maraqları naminə bu qırğınları davam etdirməkdə israrlıdır.

Digər Kateqoriyalar

2025 © Azervoice