BAKI,AzerVoic Analitik Təhlil Mərkəzi
İsrailin baş naziri Benyamin Netanyahu hələ də prezident İshaq Hersoqun 7 oktyabr 2023-cü ildə “HƏMAS” və digər fələstinli qrupların hücumunu araşdırmaq üçün rəsmi hökumət komissiyası yaradılması təşəbbüsünü qətiyyətlə rədd edir. Bu isə onun məsuliyyətdən yayınmağa çalışdığına dair şübhələr yaradır.
Hersoqun təklifi ilə əlaqədar olaraq Ali Məhkəmənin sədri Yitshaq Amit onunla görüş keçirib və rəsmi istintaq komissiyası yaradılmasını müzakirə edib.
Hersoqun təklifinə əsasən, tezliklə Ali Məhkəmə sədrinin müavini təyin ediləcəyi gözlənilən hakim Noam Solberq bu komissiyanın yaradılmasında və formalaşdırılmasında iştirak edəcək. Amit bu təklifi dəstəkləsə də, Netanyahunun ətrafındakı dairələr təşəbbüsə qarşı çıxıb.
İsrailin rəsmi yayım qurumu “Kan” Netanyahunun yaxın çevrəsindəki şəxslərə istinad edərək bildirib ki, “bütün tərəfləri istisnasız araşdıracaq, əhalinin əksəriyyətinin maraqlarını əks etdirən, həqiqətən qərəzsiz bir istintaq komissiyası lazımdır.”
Hersoqun təşəbbüsü İsraildə 7 Oktyabr “uğursuzluğunu” araşdırmaq üçün rəsmi istintaq komissiyası yaradılmasına dair geniş çağırışlara əlavə olunur. Netanyahu isə hər zaman belə çağırışlardan yayınıb.
Netanyahu “HƏMAS” hücumundan bəri məsuliyyəti tam şəkildə ordu və təhlükəsizlik orqanlarının rəhbərlərinin üzərinə atmağa çalışır və öz məsuliyyətini qəbul etməkdən imtina edir. Bu məsələ onunla təhlükəsizlik orqanlarının rəhbərləri arasında geniş mübahisələrə və fikir ayrılıqlarına səbəb olub.
7 oktyabr uğursuzluğuna görə siyasi məsuliyyətdən yayınmaq məqsədilə Netanyahu Daxili Təhlükəsizlik Xidmətinin (“Şabak”) rəhbəri Ronen Bar ilə qarşıdurmaya gedib. Bar istefa verməkdən imtina edir və hücuma gətirib çıxaran siyasətləri araşdıracaq istintaq komissiyasının yaradılmasını israrla tələb edir.
İki həftədən çox əvvəl “Şabak” rəhbəri səkkiz səhifəlik bir sənəd dərc edərək, qurumunun “HƏMAS”ın niyyətlərini öncədən bilməkdə uğursuz olduğunu etiraf edib. O, həm özünü, həm də rəhbərlik etdiyi qurumu sərt şəkildə tənqid edib. Lakin sənəddə Netanyahuya qarşı elə ittihamlar irəli sürüb ki, onun məsuliyyətini inkar etməyə yer qoymayıb. “Siyasi rəhbərlik macəraçı bir siyasət yürüdərək "HƏMAS"ın hücuma keçməsi üçün əsas stimul oldu”-deyə sənəddə dərc olunub.
Əslində, istefaya getməkdən imtina edən “Şabak” rəhbəri Netanyahuya qarşı çıxan təhlükəsizlik rəhbərlərinin əksəriyyətinin mövqeyini təmsil edir. Bu təhlükəsizlik rəhbərləri Netanyahunu uğursuzluqda günahlandırır və rəsmi istintaq komissiyası yaradılmasını tələb edirdilər. Buna cavab olaraq Netanyahu onları bir-bir vəzifədən uzaqlaşdırmağa başladı. Bu proses müdafiə naziri Yoav Qalantdan başlayaraq, Baş Qərargah rəisi Herzi Halevi və kəşfiyyat rəhbərlərinə qədər davam etdi.
Keçən həftə “Kan 11” kanalı İsraildə rəsmi istintaq komissiyasının yaradılması üçün ictimai təzyiqlərin artdığını bildirdi. Lakin hazırda hökuməti bu addımı atmağa məcbur edən heç bir hüquqi prosedur mövcud deyil.
Ali Məhkəmə hökumətə bu məsələ ilə bağlı mövqeyini aydınlaşdırmaq üçün may ayının ortalarına qədər vaxt verib. Hökumətin komissiyanın yaradılacağını elan etməsi məcburi deyil, sadəcə bu barədə planlarını və prosesi necə aparacağını açıqlaması tələb olunur.
Hökuməti rəsmi istintaq komissiyası yaratmağa məcbur edən hüquqi bir presedent yoxdur. “Kan” kanalının məlumatına görə, əvvəlki İsrail hökumətləri hüquqi məcburiyyət olmadan belə araşdırma komissiyaları yaratmağa özləri təşəbbüs göstərirdilər.
Əgər belə bir komissiya yaradılarsa və Netanyahu 7 Oktyabr hücumunun qarşısının alınmasında uğursuzluğa görə məsuliyyətli hesab edilərsə, onun hakimiyyətdən getməsi qaçılmaz ola bilər.
“Yisrael Beytenu” partiyasının sədri Aviqdor Liberman, qarşıdakı seçkilərdə baş nazirlik uğrunda mübarizə aparmaq niyyətini açıqlayaraq, rəsmi istintaq komissiyasının yaradılmasının vacib olduğunu bildirib.
O, İsrailin “103 FM” radiosuna verdiyi müsahibədə : “Baş nazirin niyə rəsmi istintaq komissiyasından qorxduğunu tamamilə anlayıram. Hər şey qeydiyyata alınıb – "HƏMAS"ın maliyyələşdirilməsi, təhlükəsizlik səhlənkarlığı, terrorizmə boyun əymək, uğursuz qərarlar. Həqiqətlər üzə çıxdıqdan sonra o, artıq məsuliyyətdən qaça bilməyəcək” - deyib.
“HƏMAS”ın qəfil hücumu nəticəsində 1200 israilli həlak olub, 250 nəfər isə əsir götürülərək Qəzzəyə aparılıb. Həmin gün Qəzzə ətrafındakı İsrail müdafiə sistemi anlaşılmaz bir şəkildə çökdü və bu hadisə bölgənin mənzərəsini tamamilə dəyişdi.
İsrailin hərbi və siyasi rəhbərləri bu böyük uğursuzluğu etiraf etsələr də, məsuliyyəti bir-birinin üzərinə atmağa çalışırlar.
Son günlərdə daha bir sensasiyalı etiraf səsləndirilib. Qəzzə müharibəsi zamanı ordunu idarə edən keçmiş Baş Qərargah rəisi Herzi Halevi bazar günü İsrail ordusunun radiosunda yayımlanan səs yazısında: “Onlar bizi aldatmağı bacardılar... Belə bir ssenarini – heç 5 faizini belə – təsəvvür etmirdik”- deyib.
“Başqa heç nə deməsəm də, "HƏMAS"ın bu işdə uğur qazandığını etiraf etməliyəm. Onlar bizə qarşı bir neçə gün öncə baş verən iğtişaşlardan istifadə etdilər, sülhə nail olmaq, humanitar məsələlərlə məşğul olmaq bəhanəsi ilə bizi yuxuya verdilər”.- deyə o qeyd edib.