Bakı, Azervoice
Bu gün Bakıda Uluslararası Demokratlar Birliyinin (UİD) Azərbaycan İdarəsinin təşkilatçılığı ilə iftar tədbiri keçirilib.
Azervoice xəbər verir ki, Tədbirdə Türkiyədən gəlmiş yüksək vəzifəli qonaqlar, iş adamları, diplomatlar, səfirlər, deputatlar və digər nüfuzlu şəxslər iştirak ediblər.
Proqram çərçivəsində qonaqlara birlik və qardaşlıq mövzusu vurğulanıb, Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyəti xüsusi qeyd olunub.
Quran tilavəti ilə başlayan tədbirdə ilk olaraq qonaqlara UİD-in tanıtım çarxı təqdim olunub. Daha sonra UİD-in Azərbaycan Regional Prezidenti Cengiz Aygör çıxış edərək tədbir iştirakçılarını salamlayıb, təşkilatın fəaliyyəti haqqında qısa məlumat verib və iftar süfrəsinin mənəvi əhəmiyyətini vurğulayıb.
Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu tədbirdə çıxış edərək iştirakçıları salamlayıb və UİD-in Azərbaycanda belə bir layihəyə ev sahibliyi etməsinə görə təşəkkür edib. O, Türkiyə və Azərbaycanın tarixi qardaşlıq münasibətlərini qeyd edərək, bu birliyin əhəmiyyətindən bəhs edib. “Türkiyə olaraq bilirik ki, orada başqa heç kim olmasa da, yenə də sevimli Azərbaycanımız yanımızdadır. Allah birliyimizi, həmrəyliyimizi daimi etsin”, – deyə Çavuşoğlu çıxışında bildirib.
Tədbirdə Türkiyənin Bakıdakı səfiri Birol Akgün də çıxış edərək qonaqları salamlayıb və tədbirdə iştirak etməkdən qürur duyduğunu ifadə edib. O, Azərbaycan xalqının qonaqpərvərliyinə görə təşəkkür edərək, Türkiyə-Azərbaycan dostluğunun möhkəmləndirilməsində görülən işlərə diqqət çəkib və UİD rəhbərliyinə minnətdarlığını bildirib.
AK Partiya İstanbul millət vəkili Şamil Ayrım çıxışında Ramazan ayının mənəvi önəmini vurğulayaraq, belə bir tədbir təşkil etdiyi üçün UİD-ə təşəkkür edib. O, Azərbaycan və Türkiyə arasında olan qardaşlıq əlaqələrinin “bir millət, iki dövlət” prinsipinə əsaslandığını qeyd edərək, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə başlayan, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və İğdır-Naxçıvan qaz xətti ilə davam edən strateji əməkdaşlığın bundan sonra da güclənəcəyinə inandığını bildirib. Ayrım, həmçinin regionda davamlı sülhün təmin olunmasını arzuladığını qeyd edib və bunun Azərbaycan və Türkiyənin birliyi sayəsində mümkün olacağına əminliyini ifadə edib.
İftar süfrəsində müxtəlif sektorlardan qonaqlar, Türkiyədən gəlmiş iş adamları, diplomatlar, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəsi səfir Ufuk Turqaner, Yeni Azərbaycan Partiyası sədr müavini Tahir Budaqov və Türkiyənin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri də iştirak ediblər. Tədbirdə, həmçinin Azərbaycanda təhsil alan türkiyəli tələbələr və şəhid ailələri də yer alıblar.
Sonda iştirakçılar birlik və həmrəylik mesajları verərək, Azərbaycan və Türkiyə münasibətlərinin daha da inkişaf edəcəyinə dair əminliklərini ifadə ediblər. Tədbir səmimi söhbətlər və dualarla yekunlaşıb.











