Əsas səhifə » Türkiyənin nazirləri Kiyevdə Zelenski ilə görüşəcək

Türkiyənin nazirləri Kiyevdə Zelenski ilə görüşəcək

BAKI, AzerVoice

Türkiyənin ticarət naziri Ömer Bolat və kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşərək, müharibədən sonrakı bərpa prosesini və ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.

AzerVoice xəbər verir ki, səfər çərçivəsində nazir Bolatı Türkiyə Podratçılar Birliyi və texniki məsləhət sektorunda fəaliyyət göstərən 25 şirkətin nümayəndələri müşayiət edəcək.

Bundan əlavə, Türkiyə-Ukrayna Yenidənqurma İşçi Qrupunun ilk iclası baş tutacaq və bu görüşə nazir Bolat və Ukraynanın yenidənqurma üzrə baş nazir müavini Aleksiy Kuleba həmsədrlik edəcək.

Nazir Yumaklının səfəri çərçivəsində isə kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək. Görüşlərdə suvarma infrastrukturunun yenidən qurulması və kənd təsərrüfatı məhsullarına tətbiq olunan ixrac məhdudiyyətlərinin aradan qaldırılması məsələləri diqqət mərkəzində olacaq.

Qeyd edək ki, Türkiyə podrat sektoru müharibə dövründə Ukraynada 1,2 milyard dollar dəyərində 100-dən çox layihə həyata keçirib. Hazırda sektorun Ukraynada 10 milyard dollarlıq layihə portfeli var və bu səfər həmin layihələrin icrasını sürətləndirmək üçün mühüm addım hesab edilir.

Digər Kateqoriyalar

2025 © Azervoice