BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
"Əsaib Əhləl-Haqq" hərəkatının baş katibi Qeys Xəzəli İranla bağlı qruplaşmaların silahlarını təhvil verməsi çağırışlarını rədd edərək, “Həşdi Şaabi ( HƏŞD) adlı bir qurumun buraxılması mümkün deyil” deyib. İraq siyasi dairələri isə bu açıqlamanın əsasən baş nazir Məhəmməd Şiə əl-Sudaniyə təzyiq məqsədilə edildiyini bildirirlər. Çünki gözlənilir ki, ABŞ prezidenti Donald Tramp İraq üzərindəki təzyiqlərini artıraraq, onu İrana qarşı tədbirlərə daha aktiv şəkildə cəlb etməyə çalışacaq.
Lakin İraq siyasi dairələri hesab edir ki, HƏŞD -in əsas üzvlərindən biri olan Əsaib liderinin bu açıqlaması əl-Sudaniyə zərbə vurmaq əvəzinə, təşkilatın özünə ciddi problem yarada bilər. Çünki silahları İraq ordusuna təhvil verməkdən və HƏŞD-in buraxmaqdan imtina edilməsi, İsrailin bu qruplaşmalara qarşı hücumlarını reallaşdırmaq üçün əlverişli imkan yarada bilər.
İsrailin baş naziri Benyamin Netanyahunun bu hücumları həyata keçirmək üçün Donald Trampdan ciddi dəstək alması gözlənilir. Bu isə milisləri real təhlükə ilə üz-üzə qoyur. Əgər keçmişdə bu qruplaşmalar ağır zərbələrdən yayınmağı bacarıblarsa, bu, qismən də olsa, əvvəlki ABŞ prezidenti Co Bayden administrasiyasının qeyri-müəyyən siyasəti ilə əlaqədar idi. Bayden hökuməti əl-Sudani vasitəsilə vəziyyəti sakitləşdirmək istəyirdi və birbaşa qarşıdurmadan çəkinirdi.
İndi vəziyyət fərqlidir. Trampın hakimiyyətə qayıtması ilə İraq və İranla bağlı siyasətdə sərt addımlar gözlənilir. O, vəziyyəti fakt qarşısında qoymaq metodunu üstün tutur və İrana təzyiq göstərmək üçün onun İraqdakı qollarına birbaşa zərbələr endirə bilər.
İsrail üçün isə İranın İraqdakı silahlı qruplaşmalarını hədəf almaqda heç bir qırmızı xətt mövcud deyil. Necə ki, İsrail Hizbullah lideri Həsən Nəsrullahı hədəf alaraq öldürdü və husilərə qarşı hücumlar həyata keçirdi, eyni şəkildə HƏŞD liderlərini və qərargahlarını vurmaq potensialına malikdir. Bu milislərin gizlənməsi də onları tam qorumağa yetərli olmaya bilər.
İsrailin bu hücumları həyata keçirmək üçün kifayət qədər əsasları var. “The Times of Israel” qəzeti daha əvvəl Tel-Əvivin İraqda müəyyən hədəfləri vurmaq üçün planlar hazırladığını qeyd edib.
Qeys Xəzəli, “Əl-Əhd” telekanalına müsahibəsində, HƏŞD-in silahlarının dövlət nəzarətinə verilməsi tələbini tənqid edərək, bu silahların daxili qarşıdurmalarda istifadə olunmadığını və silahların təhvil verilməsi çağırışlarının əslində İraqın ehtiyat hərbi gücünü əlindən almaq məqsədi daşıdığını bildirib.
Bu açıqlamalar, əl-Sudani hökumətinin milisləri tərksilah etməyə və onları rəsmi hərbi strukturlara inteqrasiya etdirməyə nail ola bilmədiyi barədə yayılan xəbərləri təsdiqləyir. “Şəfəq Nyus” agentliyinin məlumatına görə, son dövrlərdə hökumət nümayəndələri ilə silahlı qruplaşma liderləri arasında gizli danışıqlar aparılıb. Lakin bu danışıqlar nəticəsində milislər silahlarını təhvil verməkdən və dövlətə inteqrasiya olmaqdan imtina ediblər. Onlar “müqavimət” yolunu davam etdirmək və “İraqı və bölgədəki müttəfiqlərini qorumaq” üçün hazırlıqlı olduqlarını bildiriblər.
Bu isə açıq şəkildə göstərir ki, HƏŞD-in ləğvi və orduya birləşdirilməsinə qarşı olmaq İranın regionda təsirini qorumaq məqsədinə xidmət edir. Çünki İran, Hizbullahın zəifləməsi və husilərin İsrail və ABŞ-a qarşı hücumlarının yetərsizliyi fonunda, İraqdakı milisləri əsas güc mərkəzi kimi saxlamağa çalışır. Xüsusilə, husilərin hücumlarının İsrail və ABŞ-a ciddi təsir edə bilməməsi, əvəzində Misir kimi region ölkələrinin iqtisadi itkilərə məruz qalması, İranın bu strategiyanı dəyişmək məcburiyyətində olduğunu göstərir.
18 dekabr 2024-cü ildə İraq hökuməti ABŞ-dan, HƏŞD-in buraxılması və qeyri-rəsmi silahlı qruplaşmaların ləğv edilməsi ilə bağlı ciddi tələblər alıb. Vaşinqton Bağdada bu addımları atmaq müqabilində siyasi rejimə dəstəyin davam edəcəyini vəd edib.
HƏŞD necə yarandı?
Bu qüvvə 2014-cü ildə İraqın şiə dini lideri Ayətullah Əli
Sistaninin fətvası ilə yaradılıb. O zaman İŞİD İraqın üçdə
birini ələ keçirmiş və Bağdadın qapısına dayanmışdı. Milyonlarla
könüllü bu çağırışa cavab verərək, İraq ordusu ilə birlikdə
döyüşlərə qatıldı.
2016-cı ildə İraq parlamenti HƏŞD-in rəsmi ordu birləşməsi kimi tanınmasını qəbul etdi. Bu addım əsasən şiə partiyalarının təşəbbüsü ilə həyata keçirildi.
Lakin bu qüvvənin gələcəyi indi sual altındadır. ABŞ və İsrailin təzyiqləri, İraq hökumətinin qeyri-rəsmi silahlı qruplaşmalara nəzarəti ələ almaq istəyi, eləcə də regionda dəyişən siyasi vəziyyət HƏŞD üçün yeni bir dönüş nöqtəsi yaradır.