Əsas səhifə » Bütün İsrail Sara Netanyahudan və Ölkənin Gələcəyindən Danışır

Bütün İsrail Sara Netanyahudan və Ölkənin Gələcəyindən Danışır

BAKI,AzerVoice

Amerikalı prodüserlər tərəfindən çəkilən və sənədli film rejissoru Aleksis Blum tərəfindən idarə olunan "Bibi Faylları" (Bibi Files) sənədli filmi, İsrail Baş naziri Benyamin Netanyahu və onun həyat yoldaşı Sara Netanyahuya qarşı irəli sürülən korrupsiya və səlahiyyətdən sui-istifadə ittihamlarını ifşa edir. Film, 2019-cu ildən bəri İsraildə aparılan istintaqlardan sızdırılmış video görüntülərdən istifadə edərək, Netanyahu ailəsinin ətrafında baş verən korrupsiya sxemlərini və şəxsi maraqlar naminə dövlət resurslarından sui-istifadəni üzə çıxarır.

Hədiyyələr və Rüşvət İddiaları

Sənədli filmin diqqət çəkən əsas məqamlarından biri Netanyahu cütlüyünün iş adamlarından aldığı bahalı hədiyyələrdir. Bu hədiyyələr arasında saatlar, bahalı şərablar, Kuba siqarları və hətta qiymətli zərgərlik əşyaları var. Tədqiqatçı jurnalist və filmin prodüserlərindən biri olan Raviv Drakerin sözlərinə görə, Netanyahu varlı iş adamlarını ətrafına toplayaraq onların maddi dəstəkləri qarşılığında onlara müxtəlif güzəştlər təklif edirdi. Məsələn, Hollivudun məşhur israilli prodüseri Arnon Milşan üçün vergi ödənişlərinin gecikdirilməsi və ya ABŞ vizasının alınmasında vasitəçilik kimi xidmətlər göstərirdi.

Hədiyyələrə doyman Sara

Sara Netanyahu sənədli filmdə daha emosional və aqressiv görünür. İstintaq zamanı sızdırılmış görüntülərdə Sara, ərini İsrailin "ən yaxşı baş naziri" adlandırır və onun bu cür davranışa layiq olmadığını iddia edir.

Filmdə Netanyahu ilə uzun müddət yaxın olan şəxslərin açıqlamaları yer alır. Uşaq vaxtı dostu Uzi Biller və keçmiş kampaniya meneceri Naeir Hafeç kimi şəxslər, baş nazirin dəyişən xasiyyəti və güc hərisliyi səbəbindən ondan uzaqlaşdıqlarını bildirirlər. Xüsusilə Netanyahu hökumətinin sağçı ekstremistləri hakimiyyətə gətirməsi və fələstinlilərə qarşı təcavüzkar siyasəti, bu şəxslərin artıq onu dəstəkləməməsinə səbəb olub.

Gəzən Şayiələr: HƏMAS, Münaqişə və Netanyahu Strateqiyası

7 oktyabr hadisələrindən sonra girov böhranı zamanı bəzi girovların ailələri, Saranın Netanyahuya təsir edəcəyinə ümid edərək ondan münaqişəni dayandırmasını istəsə də, bu cəhdlər nəticəsiz qaldı. Film boyunca mütəxəssislər və müşahidəçilər Netanyahunun hakimiyyətdə qalmaq üçün müharibə kartından istifadə etdiyini iddia edir. Hətta bəzi mənbələr onun gizli danışıqlar apardığını və "düşmənlərlə əlaqədə olduğunu" bildirirlər.

Filmdə Fələstin Perspektivi

Sənədli film təkcə İsrailin daxili siyasətini deyil, həm də fələstinlilərin yaşadığı reallıqları işıqlandırır.

  • Sami Abu Şahada, keçmiş İsrail parlament üzvü, İsraildə fələstinlilərə qarşı artan nifrət və ayrı-seçkiliyə diqqət çəkir.
  • Bəşar Sadık Muammer, təcili yardım işçisi, fələstinlilərə qarşı şiddətin gündəlik həyatın bir hissəsinə çevrildiyini vurğulayır.
  • Gili Şvarts, israilli gənc qadın, Qəzza müharibəsini "hər iki tərəfə faciə gətirən fəlakət" kimi qiymətləndirir.

Bibi Faylları ilk dəfə Toronto Beynəlxalq Film Festivalında nümayiş olunub, lakin İsraildə qadağan edilib. İsrailli gənclər filmi izləməyi və müzakirə etməyi təşviq edirlər. Onlar hesab edirlər ki, Netanyahu təkcə fələstinlilər üçün deyil, İsrailin öz gələcəyi üçün də təhlükə yaradır.

Nəticə olaraq, film Netanyahu ailəsinin şəxsi maraqlarını dövlət siyasətindən üstün tutduğunu, gücə olan ifrat sevgisinin isə həm İsrail, həm də region üçün təhlükəli nəticələr doğurduğunu vurğulayır.

Digər Kateqoriyalar

2025 © Azervoice