BAKI,AzerVoice
Qəzzada müharibənin dayanması, əslində, gerçək mənada həyatın başlaması demək deyil. Müharibənin yenidən başlaması qorxusu, təkbaşına qalma hissi və 471 gündür davam edən fəlakətin nəticələri insanları təkrar bir kabusun içinə salıb.
Hətta müharibədə ölənlər üçün istifadə edilən "Onlar rəqəm deyil" ifadəsi belə artıq əvvəlki təsirini itirib. Təəssüf olsun ki, dünya İsrailin törətdiyi soyqərəma göz yumur ya da öyrəşib. Amma az da olsa, fərqli yanaşmalar sərgiləyən insanlar var.
"Onlar sadəcə rəqəm deyil" ifadəsi, eyni zamanda, Britaniyalı iki gənc qadının – Sümeyyə əl-Vəzani və Sara ben Tarifetin – yaratdığı humanitar təşkilatın əsas şüarına çevrildi. Onlar "Uşaqlar Rəqəm Deyil" (Children Not Numbers) adını verdikləri təşkilatı məhz ən müdafiəsiz və günahsız qurbanlar üçün yaratdılar. 2024-cü ilin mart ayında fəaliyyətə başlayan təşkilat, uşaqların yaşadığı faciələri işıqlandırmaq və onların həyatını yaxşılaşdırmaq üçün çalışır.
Təşkilatın iş prinsipi üç əsas sahəni əhatə edir: tibbi yardım, təhsil və hüquqi dəstək. İndi Qəzzada yüzlərlə uşaq bu proqramlardan yararlanır. Qəzzanı ölümlə əhatələyən divarda bir həyat pəncərəsi açmaq üçün çalışırlar.
"Ən böyük səhv odur ki, insanlar atəşkəsin Qəzzadakı fəlakətin sonu olduğunu düşünürlər. Amma indi gerçək şüurun oyanış anıdır. İnsanlar ölümlə üz-üzədir. Geri dönən ailələr bizə evlərinin şəkillərini göndərirlər – divardan asılmış çirkab dolu yuyucu qab, hər tərəf dağıntı və metal qırıntıları ilə dolu. Bura yaşamaq üçün deyil, ölmək üçün buraxılmış bir yerdir."-deyə Sümeyya bildirib.
Onların qurduqları təşkilat beynəlxalq yardımlardan uzaq, fərdi təşəbbüslər və ianələr hesabına fəaliyyət göstərir. Onlar böyük humanitar təşkilatların malik olduğu resurslara sahib deyillər, amma məqsədləri daha böyüklərə meydan oxuyacaq qədər güclüdür: Qəzzanı yenidən qurmaq.
"Bizim əsas məqsədimiz Qəzzanın tibbi, təhsil və hüquqi infrastrukturunu bərpa etməkdir. Çünki tibbi sistemsiz bir cəmiyyət yaşaya bilməz. Təhsilsiz bir cəmiyyət güclənə bilməz. Hüquq sistemi olmadan isə nə birincisini, nə də ikincisini qorumaq mümkündür."-deyə Sümeyya əlavə edib.
Uşaqların Xilas Edilməsi və Müalicəsi
3 fevral 2025-ci ildə, 2024-cü ilin may ayından bəri ilk dəfə olaraq, Rafah sərhəd qapısı açıldı. Dərhal onlarla ağır xəstə uşaq Misirə köçürüldü.
Bundan əvvəl "Uşaqlar Rəqəm Deyil" təşkilatı
bir qız uşağının dəhşətli dəri xəstəliyindən əziyyət çəkdiyi və onu
müalicə etdikləri barədə video yayımlamışdı.
Videoda deyilirdi:
"Məryəmi xatırlayırsınız? O, bir il boyunca dəhşətli ağrılar içində yaşadı. Biz ona dərman, yemək və sığınacaq verdik. Amma müalicəyə əlçatanlıq olmadığı üçün vəziyyəti daha da ağırlaşdı. Noyabr 2024-cü ildə, nəhayət, onu BƏƏ-yə təxliyə etməyə nail olduq. Amma bu gün Qəzzadan heç bir tibbi təxliyə planlaşdırılmır. Təcili olaraq bu proses yenidən başlamalıdır."
Bu hekayə, digər yüzlərlə uşağın başına gələnlərdən sadəcə biridir. Təşkilatın pediatriya üzrə mütəxəssisi Şərif Yasir Matar deyir ki,
"Hazırda Qəzzada vəziyyət düşündüyünüzdən daha betərdir. Müharibədə 14 minn 500 -dən çox uşaq öldü,atəşkəs tibbi təxliyələri də dayandırdı. 19 yanvar – 3 fevral arasında heç bir uşaq Qəzzadan çıxa bilmədi. İsrailin koordinasiya bölməsi (COGAT) və Ümumdünya Səhiyyə Təşkilatı bu prosesi idarə edir və demək olar ki, hər şey bürokratiyanın əlindədir. Əgər bir neçə uşaq təxliyə olunursa, bu, yüzlərlə digərlərinin unudulması deməkdir."
Həkim, bir çox uşağın həyatını itirməsinin səbəbinin sadəcə bombardman olmadığını vurğulayır:
"Bizim gözümüzün önündə uşaqlar xəstəliklərdən ölür. Məsələn, Lana adında bir qızın ürək ritmində ciddi problem var. O, altı dəfə reanimasiya şöbəsinə yerləşdirildi. Yanvarın sonunda onu Türkiyə təxliyə missiyasına daxil etdik. Amma son anda prosesi dayandırdılar və uşaqlar geri qaldı. Nəticədə, bəziləri gözləyə-gözləyə öldü."
Lakin, bütün bu maneələrə baxmayaraq, təşkilat bir neçə uşağı xilas etməyə nail oldu. Məsələn, 10 aylıq Sedil Həmdan ağır qaraciyər çatışmazlığından əziyyət çəkirdi və müalicə almazsa, ölməli idi. Onu Misirə aparmağa müvəffəq oldular və xüsusi maliyyə dəstəyi ilə atası ona qaraciyər donoru oldu.



























