Əsas səhifə » Ordu və Hizbullah arasında gərginlik – İran Livandan qovulur

Ordu və Hizbullah arasında gərginlik – İran Livandan qovulur

BAKI,AzerVoice

Beyrut Beynəlxalq Hava Limanı yaxınlığında şənbə günü Hizbullah tərəfdarları ilə Livan ordusu arasında toqquşmalar baş verib. Hizbullah tərəfdarları Livanın İran təyyarəsinin enməsinə icazə verməməsinə etiraz edərkən, ordu onlara gözyaşardıcı qazla cavab verib. Bu hadisə, Livan ordusu ilə Hizbullah arasında ilk açıq qarşıdurma kimi qiymətləndirilir və gələcəkdə gərginliyin artacağının göstəricisidir.

Həmçinin oxuyun
Suiqəsdlər Livanın Siyasi Tarixinin Ayrılmaz Hissəsidir


Əvvəllər Livan ordusu Hizbullahın tərəfdarlarının təxribatlarına cavab verməkdən çəkinirdi. Lakin bu dəfə vəziyyət fərqli oldu və ordunun sərt reaksiyası, gələcəkdə münasibətlərin daha da gərginləşə biləcəyinə işarə edir. Hizbullah bu etirazlarla ordunun mövqeyini sınamaq, onun reaksiyasını öyrənmək və gələcəkdə silah üzərində nəzarətini qorumaq niyyətində idi. Lakin planları uğursuz oldu, çünki ordu dərhal tədbir gördü və qarşılıq verdi.

Həmçinin oxuyun
Livan hökuməti İran uçuşlarını niyə ləğv etdi?

Hizbullah indi vəziyyəti sakitləşdirmək və ordunu təqsirləndirmək üçün yeni strategiyalar axtarır. Hizbullahın nümayəndəsi Həsən Fəzlullah Livan ordusunu, gözyaşardıcı qazdan istifadə edən hərbçiləri cəzalandırmağa çağırıb. O, Livan hökumətinin İsrailin diktəsinə tabe olmasını tənqid edib və hava limanına İran təyyarələrinin buraxılmasını tələb edib.

Həmçinin oxuyun
Hizbullahın Suriyadakı mirası - Captagon və saxta dollar

Hizbullah bu nümayişlərlə bir neçə mesaj vermək istəyirdi: təşkilat hələ də güclüdür, Livandakı qərarvermə prosesindən kənarlaşdırıla bilməz və ABŞ-ın diktəsinə tabe olmayacaq. Ancaq bu dəfə Hizbullahın əvvəlki müharibələrdə qazandığı nüfuz azalmağa başlayıb.

Həmçinin oxuyun
Beyrutda İran təyyarəsinə qadağa etirazlara səbəb olub

Livan hökuməti isə hava limanının təhlükəsizliyini təmin etmək üçün İran təyyarəsinə eniş icazəsi vermədiyini açıqlayıb. Nəqliyyat naziri Faiq Rəsmani bildirib ki, bu qərar, hava limanının təhlükəsizliyini qorumaq və Avropa sanksiyalarına əməl etmək üçün verilib. Bu hadisə, İsrailin iddiaları ilə üst-üstə düşüb. İsrail ordusunun sözçüsü Aviçay Adraee, "Qüds Qüvvələri" və Hizbullahın Beyrut hava limanından silah və pul qaçaqmalçılığı üçün istifadə etdiyini iddia etmişdi.

Hadisələr nəticəsində Livan ordusu 25-dən çox etirazçını saxlayıb. Bundan əlavə, BMT-nin Livandakı sülhməramlı qüvvələrinin (UNIFIL) iki zabiti Hizbullah tərəfdarları tərəfindən hücuma məruz qalıb. Livan Prezidenti Cüzef Aun hücum edənlərin cəzalandırılacağını bəyan edib.

Bu gərginlik, Livan daxilində güc balansının dəyişdiyini göstərir. Hizbullahın əvvəlki kimi istədiyi qərarları qəbul etdirməkdə çətinlik çəkdiyi aydın olur. Buna baxmayaraq, təşkilat İranın Livandakı təsirini qorumaq üçün yeni yollar axtarır və gələcəkdə daha çox qarşıdurmalar gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice