Əsas səhifə » Qəzza Türkiyənin tabeçiliyinə keçə bilər – Ankara referenduma hazırlaşır

Qəzza Türkiyənin tabeçiliyinə keçə bilər – Ankara referenduma hazırlaşır

BAKI, AzerVoice

Qəzzalılar referendum keçirsin. Fələstin dövləti qurulana qədər Qəzza Türkiyənin tabeçiliyinə keçsin.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin sabiq Baş Naziri Gələcək Partiyasının sədri Əhməd Davudoğlu deyib.

Davudoğlu, Trampın Qəzzəni ələ keçirmək planlarına cavab olaraq, çıxışında Qəzzanın son qanuni dövlətinin Osmanlı Dövləti olduğunu vurğulayaraq, Trampın təhdidlərinə qarşı Qəzzanın muxtariyyət statusu ilə Türkiyəyə bağlanmasını təklif edib.

Bundan əlavə Davudoğlu, Fransız müstəmləkəçiliyinə qarşı mübarizə aparmış Lahey Qrupunu fələstinlilərə verdiyi dəstəyə görə alqışlayıb.

"Trampın əsl məqsədi fələstinlilərə aid təbii qaz yataqlarına sahib olmaqdır. Qəzzəlilərin son qanuni dövləti Osmanlı idi və biz Osmanlının davamçısıyıq. Amerika uzaqdan gəlib Qəzzaya sahib ola bilər, amma biz Qəzzalılara sahib çıxa bilmərik?",- deyə o qeyd edib.

Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı qalmaqallı açıqlamalarını təkrarlayaraq, İordaniya Kralı II Abdullah ilə görüşündə Qəzzanı ABŞ-ın yurisdiksiyası altına alacaqlarını bildirib.

"Qəzzanı ələ keçirəcəyik və onu nəzarətimizdə saxlayacağıq”-deyə Tramp bildirib.

Tramp həmçinin, Qəzzadakı fələstinlilərin Misir və İordaniya kimi qonşu ölkələrə köçürülməsi planını xatırladaraq, Qəzzanın yaşayış üçün yararsız bir ərazi olduğunu və yenidən qurulmalı olduğunu təkrarlayıb.

"Orada satın alınacaq bir şey yoxdur. Oranı ələ keçirəcəyik və nəzarətimizdə saxlayacağıq. Nəhayət, bu layihəni həyata keçirərək Orta Şərqdə insanlar üçün çox sayda iş imkanı yaradacağıq. Məncə, bura bir almaz ola bilər", – deyə Tramp bildirib.

Digər tərəfdən, İordaniya Kralı II Abdullah, Trampın Qəzza ilə bağlı açıqlamaları qarşısında ehtiyatlı ifadələr işlədib və açıq mövqe bildirməkdən çəkinib.

Kral Abdullah, Səudiyyə Ərəbistanı və Misir də daxil olmaqla, bir sıra ərəb ölkələrinin fələstinlilər üçün hər kəsin xeyrinə olacaq bir planın necə həyata keçirilə biləcəyini müzakirə etdiklərini və bu görüşlərin nəticəsini gözləməyin vacib olduğunu vurğulayıb.

Digər tərəfdən ahıl yaşlı Trampın bu bəyanatı Ankarada da sərt qarşılanıb.Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyanın paytaxtı Kuala Lumpurda dövlət işçiləri və tələbələr qarşısında çıxış edərək, İsrail-Fələstin münaqişəsinə dair mühüm mesajlar verərək Fələstin müqavimət hərəkatının qəhrəmancasına mübarizəsi sayəsində İsrailin strateji hədəflərinə çata bilmədiyini vurğulayıb.

O, 19 yanvar tarixində HƏMAS ilə İsrail arasında əldə edilən atəşkəs razılaşmasını xatırladaraq, İsrailin qanunsuz və aqressiv siyasətini davam etdirdiyini bildirib.

Ərdoğan Fələstin xalqının öz torpaqlarından qovulması ilə bağlı bəzi dairələrdə səsləndirilən təkliflərin ciddi qəbul edilə bilməyəcəyini vurğulayaraq, Fələstin xalqına ikinci bir Nəkbə yaşatmağa heç kimin gücünün çatmayacağını bəyan edib.

“Müqavimət qüvvələrinin qəhrəmancasına mübarizəsi sayəsində İsrail strateji məqsədlərinə nail ola bilmədi. Nəhayət, bizim də töhfə verdiyimiz prosesin sonunda 19 yanvarda HƏMAS ilə İsrail arasında atəşkəs razılaşması əldə olundu. Lakin İsrailin qanunsuz və korlanmış mövqeyini davam etdirdiyini görürük. Fələstinlilərin min illərdir yaşadıqları torpaqlardan qovulması ilə bağlı təkliflərin ciddi qəbul edilə biləcəyini düşünmürük. Allahın izni ilə heç kimin Fələstin xalqına ikinci bir Nəkbə yaşatmağa gücü çatmaz.”- deyə o bildirib.

Qeyd edək ki, Nəkbə — 1948-ci il Fələstin müharibəsi zamanı Məcburi Fələstində fələstinlilərin etnik təmizləməsi olub, onların zorakı yerdəyişməsi və torpaqlarını, əmlaklarını və əşyalarını ələ keçirmələri, eyni zamanda cəmiyyətin, mədəniyyətinin, şəxsiyyətinin, siyasi hüquqlarının və milli istəklərinin məhv edilməsidir.

Digər Kateqoriyalar

2025 © Azervoice