Bakı,
AzerVoice
ABŞ Prezidenti Donald Trump bazar ertəsi verdiyi müsahibədə
Ukraynanın “bir gün Rusiya ola biləcəyini” ifadə edib.
AzerVoice xəbər verir ki, Trump “Fox
News” telekanalına verdiyi müsahibədə ölkəsinin Ukraynaya
göstərdiyi yardımlar müqabilində Kiyevin nadir metallar
ehtiyatından istifadə etmək istədiyini bir daha vurğulayıb.
“Mən istəyirəm ki, pullarımız təminat altında olsun, çünki yüz
milyardlarla dollar xərcləyirik. Ola bilər ki, (ukraynalılar) bir
razılığa gələrlər, ola bilsin gəlməzlər. Ola bilər ki, bir gün
onlar rus olarlar, ola bilsin ki, heç vaxt rus olmazlar.” - deyə o
bildirib.
Trump qeyd edib ki, Ukraynadan əsasən elektronika sənayesində istifadə olunan 500 milyard dollar dəyərində nadir metallar tələb edilib.
Trump, Rusiya ilə Ukrayna arasında davam edən müharibənin
tezliklə bitməsi üçün səylər göstərildiyini bildirərək, xüsusi
elçisi Kit Kiloqun tezliklə Kiyevə səfər edəcəyini təsdiqləyib.
Məlumata görə, Kiloq fevralın 20-də Ukraynanın paytaxtına
çatacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski isə ölkəsinin Rusiya ilə imzalayacağı hər hansı sülh sazişi çərçivəsində ABŞ-dan qəti təhlükəsizlik təminatları almasını tələb edir.
Qeyd edək ki, keçən həftə Trump, Ukraynanın ABŞ yardımı müqabilində nadir metallarını “təminat” kimi təqdim edəcəyi bir razılaşma bağlamaq istədiyini açıqlamışdı. Bu bəyanata cavab olaraq Zelenski, Ukraynanın nadir metallara yönəlmiş “Amerika şirkətlərinin investisiyalarını” qəbul etməyə hazır olduğunu bildirmişdi.