BAKI,AzerVoice
Einsatzgruppen gizli nasist qətl dəstələri idi və Üçüncü Reyxin düşməni kimi müəyyən edilən mülki insanları sistematik şəkildə axtarıb qətlə yetirirdilər. İkinci Dünya Müharibəsi (1939–1945) zamanı Alman ordusunun yeni işğal etdiyi ərazilərdə fəaliyyət göstərən Einsatzgruppen, 2 milyondan çox insanın ölümünə cavabdeh idi.
Einsatzgruppen qurbanları arasında yəhudilər, romanlar, ziyalılar, yerli rəsmilər, kommunistlər, partizanlar və nasist Almaniya dövləti üçün düşmən hesab edilən hər kəs var idi. Yəhudilər, nasistlərin “Yekun Həll” (Final Solution) planının bir hissəsi olaraq xüsusi hədəf idilər. Qurbanlar dərhal kütləvi edam üçün toplanır və ya konsentrasiya düşərgələrinə göndərilirdi. Einsatzgruppen-in fəaliyyəti İkinci Dünya Müharibəsindən sonra Nürnberq məhkəmələri zamanı tam aydın oldu. Həm sağ qalanlar, həm də bu dəstələrdə birbaşa iştirak edənlər məhkəmədə ifadə verərək onların cinayətlərini ifşa etdilər.
Yekun Həll Planı nə idi?
Reynhard Heydrich (1904-1942) Reyx Təhlükəsizlik Baş İdarəsinin (RSHA – Reichssicherheitshauptamt) ilk rəhbəri idi. Bu qurumun tərkibinə nasistlərin gizli polisi (Gestapo), cinayət polisi (Kripo) və nasist partiyasının hərbi kəşfiyyat xidməti olan Sicherheitsdienst (Təhlükəsizlik Xidməti və ya SD) kimi qurumlar daxil idi. Heydrich 1942-ci ilin may ayında Çex müqavimət hərəkatı tərəfindən qətlə yetirildikdən sonra Ernst Kaltenbrunner (1903-1946) RSHA-nın yeni daimi rəhbəri oldu.
Nasist Almaniyasının lideri Adolf Hitler (1889-1945) RSHA-ya üç əsas vəzifə vermişdi: nasizm düşmənlərini nəzarətdə saxlamaq və onlara qarşı repressiya həyata keçirmək, kəşfiyyat toplamaq və nasistlər tərəfindən “irqi cəhətdən aşağı” hesab edilən insanları məhv etmək. RSHA bu vəzifələrin heç birində hüquqi məhdudiyyətlərə tabe deyildi. Üçüncü Reyxin düşməni hesab edilən şəxslər konkret cinayətlərdə təqsirli bilinmədən hədəfə alına bilərdi və onlara heç bir hüquqi müdafiə və ya apellyasiya hüququ verilmirdi. Başqa sözlə, istənilən mülki şəxs heç bir səbəb göstərilmədən həbs edilə, həbsxanaya salına və edam edilə bilərdi. Günahsız insanları müdafiə etməyə çalışanlar isə çox vaxt döyülür, həbs edilir və ya edam olunurdular.
Heydrich və onun baş leytenantı Adolf Eyxman (1906-1962) Hitler tərəfindən bir çox şeytani layihələrlə, o cümlədən Yekun Həll – yəhudi xalqının tamamilə məhv edilməsi (Holokost) ilə vəzifələndirilmişdilər. RSHA-nın hədəfi olan digər “arzuolunmaz” qruplara romanlar, masonlar, kommunistlər, fiziki və ya əqli qüsurları olan şəxslər, eləcə də Üçüncü Reyxə müqavimət göstərə biləcək hər kəs, o cümlədən rahiblər və ziyalılar (həkimlər, dövlət qulluqçuları və müəllimlər daxil olmaqla) aid idi.
Alman ordusu yeni ərazilərə, xüsusilə Şərq cəbhəsinə irəlilədikcə, daha çox "dövlət düşməni" ilə mübarizə aparmaq lazım gəlirdi. Yeni hədəflər arasında hərbi əsirlər, partizanlar, yerli hökumətin keçmiş üzvləri və əvvəlki rejimin hakimiyyəti ilə əlaqəsi olan hər kəs var idi. Bu “düşmənlərin” məhv edilməsi üçün RSHA-ya tam məxfi mobil qətl dəstələri təşkil etmək tapşırılmışdı. Bu dəstələr irəliləyən alman ordusunun arxasında fəaliyyət göstərir və çox vaxt onunla sıx əməkdaşlıq edirdi. Bu ölüm dəstələri Einsatzgruppen idi.
Einsatzgruppen, 1938-ci ilin martında Anschlussdan (Avstriyanın Almaniyaya birləşdirilməsi) sonra Avstriyada və Hitler Çexoslovakiyanı işğal etdikdən sonra fəaliyyətə başladı. Lakin bu ölüm dəstələrinin fəaliyyəti 1939-cu ildə Polşanın işğalı zamanı xeyli genişləndirildi. Bu kampaniya çərçivəsində 400-600 SS və ya SD üzvündən ibarət yeddi Einsatzgruppen birliyi fəaliyyət göstərirdi. Onlar insanları yerindəcə qətlə yetirir, bütöv kəndləri məhv edir və insanları gettolara köçürmək üçün sistematik şəkildə toplayırdılar.
Qurbanlar arasında kişilər, qadınlar və uşaqlar var idi – uşaqlar
da qəsdən hədəfə alınırdı, çünki Heydrich və Eyxman
kimi nasistlər valideynlərinin ölümünün qisasını alacaq gələcək
nəsillərin yaranmasını istəmirdilər. Polşada, işğaldan cəmi bir
həftə sonra SS komandirləri gündə 200 polşalının öldürüldüyü ilə
öyünürdülər.
Qətllərin miqyası isə sürətlə artırdı.
Einsatzgruppen o qədər amansız idi ki, hətta bir çox adi alman ordusu zabiti onların əməliyyatlarından uzaq durmağa çalışırdı. Buna baxmayaraq, müntəzəm alman ordusu Einsatzgruppen-in fəaliyyətinə cəlb olunmuşdu və çox vaxt onlarla əməkdaşlıq edirdi. Eyni zamanda, yerli qruplar – məsələn, antikommunistlər və SSRİ-nin işğalından sonra yerli hakimiyyət nümayəndələrindən qisas almaq istəyənlər də bu ölüm dəstələrinə qoşulurdu.
Hitler 1940-cı ildə İngiltərəni işğal etməyə ümid edərkən, orada
fəaliyyət göstərmək üçün altı Einsatzgruppen dəstəsi
ayrılmışdı. İşğal başladıqdan sonra bu ölüm dəstələrinin dərhal
həbs etməli olduğu 2800-dən çox tanınmış şəxsin adları “Qara
Kitab”da toplanmışdı. Siyahıda Böyük Britaniyanın baş naziri
Uinston Çörçill (1874-1965), mühacirətdə olan Çexoslovakiya baş
naziri Edvard Beneş (1884-1948), feminist və pasifist Vera Britten
(1893-1970) və yazıçı E. M. Forster (1879-1970) kimi müxtəlif
sahələrdən olan şəxslər yer alırdı. Bu insanların hamısının ortaq
cəhəti vardı: onların baxışları nasist ideologiyasına zidd
idi.
Şərqdə genişlənmə
1941-ci ilin iyununda SSRİ-yə hücum (Barbarossa Əməliyyatı) başladıqda, Einsatzgruppen yenidən döyüş meydanına göndərildi: ümumilikdə 3000 əsgərdən ibarət beş qrup. Einsatzgruppen üzvləri yenə də SS və SD sıralarından cəlb olunurdu. Keçmiş Sovet ərazilərində onlara verilən əmr bütün yəhudilərin edam edilməsi idi. Kommunist Partiyası ilə əlaqəsi olanlar da təqib edilirdi.
Heydrix bütün sovet məmurlarının, Komintern üzvlərinin, 'ekstremist' Kommunist Partiyası üzvlərinin, Kommunist Partiyasının mərkəzi, vilayət və rayon komitələrinin üzvlərinin, Qırmızı Ordu siyasi komissarlarının və yəhudi əsilli bütün Kommunist Partiyası üzvlərinin dərhal edam edilməsini əmr etdi.
Einsatzgruppen Belarus, Moldova, Ukrayna, Latviya,
Estoniya, Qərbi Rusiya və hətta Şimali Afrikada gəzdiyi hər yerdə
öz dəhşətli və amansız missiyasını yerinə yetirirdi.
Məsələn, 1941-ci ilin sonuna qədər Litva yəhudilərinin 80%-i
edam edilmişdi. Qətliamlar fasiləsiz davam edirdi. Nasistlər, digər
sahələrdə olduğu kimi, öz vəhşiliklərini dəqiq
sənədləşdirirdilər.
Tarixçi N. Stone qeyd edir:
1942-ci ilin fevralında, Einsatzgruppen 1064 komissar, 56 partizan, 653 psixi xəstə, 44 polyak, 28 rus əsirinə, 5 roman və 136 min 421 yəhudinin edam edildiyini bildirdi.
Einsatzgruppe komandanı Franz Stahlecker, öz üstlərində
olanlara, qrupunun harada və nə qədər insanı öldürdüyünü dəqiq
şəkildə göstərən bir xəritə təqdim etmişdi. Eichmann, etdiyi
işlə qürurlanaraq, özünün dediyinə görə, ümumilikdə
Einsatzgruppen-in iki milyon isan öldürdüyünü
deyirdi.
Şahid ifadələri
Einsatzgruppen qurbanları tez-tez özləri üçün kütləvi
məzarlar qazmağa məcbur edilir və sonra atəşə tutulurdular.
Müharibədən sonra, öldürülməyib, lakin icraçılar tərəfindən ölü
sayılanların möcüzəvi şəkildə sağ qalması sayəsində,
Einsatzgruppen-in əməlləri daha geniş şəkildə məlum oldu.
Başqa bir edam üsulu, böyük, xüsusi olaraq hazırlanmış yük
maşınları ilə qurbanların zəhərlənməsi idi (adətə bu maşınlarda
xüsusu yük kabini olurdu və qurbanlar ora doldurulurdular).
Edama mıhkum insanlar bu maşımnlara doldurulduqları zaman onları nə
gözləyəcəyini bilmirdilər və bu kabinlərə qaz boruları
qoşulurdu.Karbon monoksid qazının insanları öldürməsi 15 dəqiqəyə
qədər çəkirdi. Bu mobil edam maşınlarının məsul olan SS
bölməsi sadəcə T4 kimi tanınırdı.
1942-ci ildə kütləvi edam zamanı sağ qalan Polşa yəhudisi Avraham Aviel yaşananları belə xatırlayır : “Hamımız qəbiristanlığa yaxın bir yerə gətirildik və təxminən uzunluğu 80-90 mert olan qiyinin qarşısında dayandıq. Hər kəs diz çökdürülmüşdü. Başını qaldırmaq mümkün deyildi. Mən şəhər sakinlərinin mərkəzinə yaxın oturdum. Qarşıma baxdım və uzun çuxuru gördüm, sonra bəlkə də iyirmi, otuz nəfərlik qruplar çuxurun kənarına gətirilirdi və orada güllələnirdilər”
Karl Wolff, Waffen-SS polkovniki, Şərq cəbhəsində bir dəfə Heinrich Himmlerin şəxsən iştirak etdiyi icra metodunu belə təsvir edir:
"Ətraflı detallarına girmədən deyim ki, açıq bir qəbir qazılmışdı və heç bir məhkəmə olmadan partizanlar və ya onlarla əlbir olmaqda şübhəli olanlar ora görə götürülmüşdülər, onlara bu qəbirə atlayıb, üzü aşağıya uzanmaq tapşırılmışdı. Bəzən isə qəbirin kənarından güllələnirdilər..."
Hermann Gräbe, Alman mühəndisi, Einsatzgruppen tərəfindən törədilmiş bir vəhşiliyin şahidi olmuşdu. Tarix 2 oktyabr 1942, yer isə Ukraynadakı Dubno şəhəri idi. Gräbenin ifadəsi Nuremberq məhkəməsində sübut kimi istifadə olunub:
"Mən əraziyə getdim və orada böyük torpaq yığındıqlarını gördüm,
uzunluğu təxminən 30 metr, hündürlüyü isə 2 metr idi. Bir neçə yük
maşını torpaq yığınının qarşısında dayanmışdı. Silahlı Ukrayna
milisi, bir SS zabitinin nəzarəti altında, insanları yük
maşınlarından çıxarılırdı.
Bütün bu insanların paltarlarının ön və arxasında sarı nişanlar
vardı və buna görə onları yəhudi kimi tanımaq olurdu… Mən birbaşa
çuxurlara tərəf getdim və o an bir neçə atəş səsi eşitdim.
Yük maşınlarından düşən insanlar – kişilər, qadınlar və bütün
yaşlardan uşaqlar – SS adamının əmrinə əsasən soyunmalı
oldular.
Onlar paltarlarını ayaqqabılar, üst geyim və alt geyim kimi ayırıb
yığmalı idilər. Mən təxminən 800-1000 cüt ayaqqabı və böyük bir
yığın alt paltarları gördüm. Bu insanlar, ağlamadan və ya fəryad
etmədən, soyundu, ailə qruplarında durdular, bir-birilərinə
vidalaşıb öpüşdülər... On beş dəqiqə boyunca dayandığım müddətdə
heç kəsin yalvararaq mərhəmət istəməsini eşitmədim... Bir qoca
qadın bir yaşlı uşağı qucağında tutub ona mahnı oxuyur və uşaq ona
gülümsəyirdi... Valideynlər gözləri yaşla dolmuş halda baxırdılar.
Ata, təxminən on yaşında bir oğlanın əlini tutub, ona sakitcə nəsə
deyirdi; oğlan göz yaşlarını saxlamağa çalışırdı. Ata göyə işarə
edib başını oxşadı və ona bir şey izah edirdi. O anda, qəbrin
yanında olan SS zabiti öz həmkarına bir şey qışqırdı. O da təxminən
iyirmi nəfəri sayıb onlara təpənin arxasına keçmələrini tapşırdı...
Mən torpaq yığınının ətrafında dövr etdiyim zaman qarşıma böyük bir
qəbir çıxdı. İnsanlar sıx sıx bir-birlərinin üstünə uzanmışdılar,
elə ki yalnız başları görünürdü. Demək olar ki, hamısının
başlarından qan axırdı. Bəzi insanlar hələ də hərəkət edirdi… Mən
təxminən min nəfərin artıq çuxurda olduğunu təxmin etdim… Tamamilə
soyunmuş insanlar çuxurun kənarındakı pilləkənlə enib, orada yatan
insanların başları üzərindən keçərək, SS zabitinin onlara
göstərdiyi yerə uzanırdılar. Onlar ölü və ya yaralı insanların
qarşısına uzanırdılar; bəziləri hələ sağ olanları oxşayıb onlara
yumşaq səslə danışırdılar. O zaman bir sıra güllə səsləri eşitdim.
Mən çuxura baxdım və gördüm ki, bədənlər çapalayır, amam bu çox
çəkmədi. Növbəti qrup artıq yaxınlaşırdı."
General-mayor Otto Ohlendorf, Şərq cəbhəsində (xüsusilə Cənubi Ukrayna və Krımda) fəaliyyət göstərən Einsatzgruppe -nin alman SS komandiri, Nuremberq məhkəməsində verdiyi ifadəsində insanların necə öldürüldüyünü belə anlatırdı:
Qrup bir kəndə və ya şəhərə daxil olur və orada yaşayan və rəsmi statusu olan yəhidilərdən , bütün əhalini, xüsusən də yəhudilərin hamısını meydanlara toplamağı əmr edirdi.
Onlardan dəyərləri əşyalarını təhvil vermək tapşırılırdı. Sonra onları edam yerinə aparırdılar.Sonra onlara atəş açılırdı. İnsanlar ya dizi ya da ayaq üstə güllələnir, cəsədləri isə xəndəyə atılırdı”
Ohlendorf müttəhimlər kürsüsündə ona, bölüyünün nə qədər insan öldürdüyü soruşulduqda, tərəddüd etmədən cavab verdi: "1941-ci ilin iyunundan 1942-ci ilin iyununa qədər Einsatzgruppe 90 min insanı məhv edib” -deyirdi.