Əsas səhifə » Türkiyə məhkəməsi ancaq türk milləti adına qərar verir - Ərdoğan

Türkiyə məhkəməsi ancaq türk milləti adına qərar verir - Ərdoğan

Bakı, AzerVoice

"Türkiyə məhkəmə sistemi ancaq türk milləti adına qərar verir. Türk milləti adına qərar verənləri heç kim düzəldə bilməz"

AzerVoice xəbər verir ki , Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən Ədliyyə Hakimləri, Respublika Prokurorları və İnzibati Məhkəmə Hakimlərinin püşkatma mərasimində çıxış edib.

Ərdoğan, ədliyyə orqanlarının üzərinə düşən vəzifəni layiqincə, ədalətli və düzgün yerinə yetirməsi üçün hamının lazımi dəstəyi göstərməyə borclu olduğunu qeyd edib. O, məhkəməyə çıxarılan prosesləri siyasi materiala çevirməyin, hakimləri və prokurorları təzyiq altında saxlamağın, onları xüsusilə ailələri və uşaqları vasitəsilə hədəfə almanın məsuliyyətsizliyin zirvəsi olduğunu vurğulayaraq, "Türk məhkəməsi yalnız və yalnız türk milləti adından qərar verir. Türk milləti adına qərar verənlərə heç kim nəzarət edə bilməz." - deyə bildirib.

Prezident, Türkiyə məhkəməsinin 15 iyul gecəsi qorxu divarlarını uçurduğunu ifadə edib. O, həmçinin hər kəsin, xüsusən də siyasi fikir ifadə edənlərin, diqqətli, məsuliyyətli və ehtiyatlı bir dildən istifadə etməli olduqlarını qeyd edib. Bu münasibətlə, başda şəhid Respublika Prokuroru Mehmet Səlim Kiraz olmaqla, ədalət uğrunda mübarizə apararkən dünyasını dəyişən bütün şəhidlərə və ədalət təşkilatının bütün üzvlərinə Allahdan rəhmət dilədiyini bildirib.

Ərdoğan, ölkə və millət adına ədalət təşkilatının bütün üzvlərinə, bəzən həyatlarını riskə atmaq bahasına fədakarcasına xidmət etdikləri üçün təşəkkürünü ifadə edib.

Prezident, ədliyyə sistemini daim yeniləyərək, millətin tələblərinə və dəyişən şərtlərə uyğun olaraq nöqsanları aradan qaldırdıqlarını və tıxanmış nöqtələri açdıqlarını , "Etibarlı ədliyyə sistemi qurmaq üçün nə lazımdırsa, etməyə çalışırıq." - deyə bildirərək vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice