Əsas səhifə » Tramp Qəzza sakinlərini Misir və İordaniyaya köçürmək arzusunu bir daha təsdiqlədi

Tramp Qəzza sakinlərini Misir və İordaniyaya köçürmək arzusunu bir daha təsdiqlədi

BAKI,AzerVoice

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bazar ertəsi günü yenidən Fələstinliləri Qəzzadan Misir və ya İordaniya kimi "daha təhlükəsiz" yerlərə köçürmək istədiyini vurğuladı. O, tezliklə Vaşinqtonda İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşəcəyini açıqladı.

Tramp şənbə günü İsrail ilə "HƏMAS" arasında 15 aydan çox davam edən müharibədən sonra Qəzzanı "təmizləmə" fikrini irəli sürmüşdü. Müharibə nəticəsində Qəzza zolağı xarabalığa çevrilib. Bu mövzuda açıqlama verən Tramp, jurnalistlərə prezident təyyarəsindəki söhbətində, fələstinliləri "iğtişaşlar, inqilablar və zorakılıq olmadan yaşaya biləcəkləri" bir bölgəyə köçürmək istədiyini söylədi.

"Bilirsinizmi, Qəzza zolağına baxanda illərdir ki, ora bir cəhənnəm olub... Orada həmişə zorakılıq olub."-deyə o bildirib.

İki dövlət həllinə dair suala cavab olaraq Tramp, Netanyahunu "uzaq olmayan bir gələcəkdə" görəcəyini və onunla görüşəcəyini dedi. Eyni zamanda Tramp, İordaniya kralı II Abdullah və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə də son günlərdə danışıqlar apardığını, onların tarixən fələstinlilərin köçürülməsinə qarşı çıxdığını xatırlatdı.

Tramp Sisi haqqında isə, "Ümid edirəm ki, onların bir qismini qəbul edəcək. Biz onlara çox kömək etdik və əminəm ki, o da bizə kömək edəcək."-deyə bildirib

7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu ilə başlayan müharibə nəticəsində təxminən 2.4 milyon Qəzza sakini yerindən didərgin düşüb. Hazırda atəşkəs altı həftə davam etməli, bu müddət ərzində Qəzzada saxlanılan 33 israilli girov 1900 fələstinli məhbusla dəyişdirilməlidir.

Bu ilkin mərhələ zamanı ikinci mərhələnin şərtləri müzakirə olunacaq, məqsəd son girovları azad etmək və müharibəni sona çatdırmaqdır. Son mərhələ Qəzzanın yenidən qurulması və girov saxlanılan insanların cəsədlərinin geri qaytarılmasını əhatə edir.

Misir, bazar günü Trampın ilk bəyanatlarına cavab olaraq, fələstinlilərin məcburi köçürülməsini rədd etdiyini bildirdi. Misir Xarici İşlər Nazirliyinin bəyanatında "Misir xalqının öz torpağında müqavimətini dəstəkləməyə davam edəcəyi" və "fələstinlilərin öz torpaqlarında qalmaq hüquqlarına dəstək verildiyi" vurğulandı.

Eyni zamanda, İordaniyanın Xarici İşlər Naziri Əymən əs-Safadi, bazar ertəsi İordaniyanın hər hansı köçürmə təklifini rədd etdiyini təsdiqlədi. O, parlamentdə çıxışı zamanı: "Fələstinlilər üçün alternativ vətən ideyası qəbul olunmazdır və biz ona qarşı mübarizəmizi davam etdirəcəyik."-deyib.

Fələstin Prezidenti Mahmud Abbas bazar günü "xalqımızın Qəzza zolağından köçürülməsini nəzərdə tutan hər hansı layihəni kəskin şəkildə rədd etdiyini"-deyə bildirib. O, fələstinlilərin öz torpaqlarından imtina etməyəcəyini və "1948 və 1967-ci illərdəki fəlakətlərin təkrarlanmasına icazə verməyəcəyini" vurğuladı.

Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbu əl-Qeyt də fələstinlilərin köçürülməsi çağırışlarına qarşı Misir və İordaniyanın mövqeyini dəstəklədiklərini açıqladı.
"Ərəb mövqeyi fələstinlilərin öz torpaqlarından köçürülməsinə qarşıdır və bu məsələdə Misir və İordaniyanın dəstəyi aydın və qətiyyətlidir."-deyə o bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice