Əsas səhifə » Polşa təyyarə qəzasının səbəblərinin araşdırılmasında dəstəyin göstərilməsinə hazırdır

Polşa təyyarə qəzasının səbəblərinin araşdırılmasında dəstəyin göstərilməsinə hazırdır

Bakı. AzerVoice

5 yanvar 2025-ci il tarixində Polşa Respublikasının xarici işlər naziri Radoslav Şikorski Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Xarici İşlər Nazirliyindən AzerVoice-ə verilən məlumata görə, Polşa xarici işlər naziri “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb. Polşa tərəfinin faciənin səbəblərinin araşdırılması istiqamətində mümkün texniki dəstəyin göstərilməsinə hazır olduğu bildirilib.

Nazir Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən həmrəyliyə görə təşəkkür edib.

Daha sonra, növbəti altı ay ərzində Polşanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi zamanı prioritet məsələlər, bu çərçivədə Azərbaycan-Aİ münasibətləri, Şərq Tərəfdaşlığının gələcək perspektivləri ətraflı müzakirə olunub.

Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazirlər telefon danışığı zamanı həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice