Əsas səhifə » 2025-ci ilə Dünya necə daxil oldu?

2025-ci ilə Dünya necə daxil oldu?

Bakı, AzerVoice / ArabAZ

Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.

2024-cü ili arxada qoydu dünya. Gedənləri hesaba çəkmək lazımdır ki, gələnlər haqqında ciddi düşünmək mümkün olsun. 2025-ci ilə dünya yenə müharibələr, fəlakətlər və çaxnaşmaların pik həddə çatdığı Yaxın Şərqlə daxil oldu.

Qəzzada humanitar fəlakət davam edir. İnsanlar acınacaqlı şəraitdə yaşamağa məhkumdur. İsrail ilə HƏMAS arasında döyüşlər hələ də səngiməyib. HƏMAS və Hizbullah öz liderlərini itirib, Qəzzanın əhalisinin azalması ilə bağlı ciddi siqnallar alınır. Bununla yanaşı, arxa planda danışıqlar davam edir. Lakin “dünya ictimaiyyəti” deyilən mücərrəd anlayış bu vəziyyətin düzəlməsi üçün heç bir ciddi addım atmır. Çünki heç kimin bu məsələni prioritet mövzu kimi görmək istəmədiyi aydındır.

Bütün diqqət isə Suriyaya yönəlib. Orada Yaxın Şərqin qanlı diktatorlarından biri olan Bəşşər Əsəd hakimiyyətdən devrildi. Bu məqamda maraqlı bir nüansı vurğulamaq istəyirəm: Yaxın Şərqin bir çox diktatorları qərbdə təhsil alıb və ya təcrübə keçiblər. Məsələn, Bəşşər Əsəd 1992-ci ildə Londonda təcrübə keçib. Maraqlıdır ki, Qərbin demokratik ölkələri bu cür şəxslərin öz torpaqlarında təhsil almasına necə razı olur? Məgər həmin dövrlərdə bu ölkələrdə demokratiya mövcud idi?

Bənzər bir nümunə də Şimali Koreyanın diktatoru Kim Çen Indır. 2012-ci ildə “The Washington Post” onun 1991-1992-ci illərdə İsveçrədə yaşadığını və orta təhsilini burada aldığını təsdiqləyən sənədləri yayımladı. Məktəb dostlarının xatirəsinə görə, Kim Çen In saatlarla “Chicago Bulls”un ulduzu Maykl Cordanın portretlərini çəkməklə məşğul olurmuş.

Bu faktları diqqətə çatdırmaqla oxucuların daha dərindən düşünməsini istəyirəm: Qərb həqiqətənmi Yaxın və Uzaq Şərqdə diktatorların getməsini və vətəndaş cəmiyyətlərinin qurulmasını istəyir? Əgər istəyirsə, niyə bu diktatorlara qarşı belə tolerantdır?
Bəşşər Əsədin devrilməsindən sonra Suriyada hakimiyyətə gələn qüvvələr tam olaraq müəyyən edilməyib. Qərbin bir zamanlar terror siyahısına saldığı, indi isə diplomatların ünsiyyət qurmağa çalışdığı yeni hakimiyyət. Hər halda, Suriya xalqının hüzura qovuşmasını arzu edirəm. Suriya xalqı keçmiş zalım rejimə qayıtmaq istəmir, lakin yeni hakimiyyətin radikal cihadçı ideologiyası üzərində olmasını da istəmir.

Digər tərəfdən, regionun mühüm oyunçuları – ABŞ, İsrail, Avropa, Türkiyə, hətta qəribə görsənsə də İran – “İslam təməlçiliyi”ndən uzaq olan Suriyanın mövcudluğunda həmrəydir.

İran isə öz fərqli yanaşması ilə gözləmə mövqeyini davam etdirir. Çünki qan itirdi, mövqelərini itirdi. Regionda baş verənlərin nəticələrindən yenidən faydalanmaq məqsədilə səbrlə oyun meydanına yenidən qayıtmağı planlaşdırır. Gözləyir, gözləyir, gözləyir. İran düşünür ki, bircə il dözə bilərsə, Yaxın Şərqdə Suriyanın unitar və ya federal məsələləri ilə bağlı Türkiyə ilə ABŞ və digər oyunçular arasında problemlər yaşanarsa, həmçinin özü birbaşa açıq müdaxiləyə uğramazsa yenidən oyun meydanına qayıtsın. Bunlar Yaxın Şərqdir.

ABŞ hələ də iqtisadi liderliyini saxlayır, Çinin göstəriciləri bir qədər geriləsə də, birinci olmaq iddiası ilə çıxış edir. Böyük Britaniya isə öz “Köhnə Ledi” mövqeyini qoruyur. Elm tutumlu iqtisadiyyatların sırasında müsəlman ölkələrinin olmaması isə ciddi bir boşluqdur.

Elm tutumluluq müasir dünyanın təməlidir. Qərbin liderliyinin əsas səbəbi də məhz budur: gündəlik həyat tərzindən tutmuş xarici siyasətə qədər hər sahədə elmə əsaslanmaq. Təəssüf ki, müsəlman dünyası elm tutumluluğu ilə İslami dəyərləri harmoniyada saxlamağı hələ də bacarmır.

Türkiyə hərbi sənayedəki nailiyyətləri ilə diqqət çəksə də, İndoneziya və Malayziya nəzarətli inkişaf templəri ilə mərkəzi qüvvə sayıla bilməz. Çünki dünyanın mərkəzi Avrasiya və Yaxın Şərqdir. Ərəb ölkələrində isə bu istiqamətdə ciddi irəliləyiş gözlənilmir. Elm tutumluluq iqtisadiyyatın effektivliyini artırır. Bu məsələdə İslam dünyasının düşünməli olduğu çox şey var.

Rusiya isə Suriyadan çəkildiyi üçün Ukraynada Qərbin onun varlığını tanımasını gözləyir. Mən Allahın izni ilə həmişə yazırdım. Rusiyanın Ukraynadakı varlığını Qərb gec tez tanıyacaqdır. Tramp dövründə isə xarici siyasətin ana xətti Yaxın Şərq olacaqdır.
2025-ci ilə daxil olan dünyanın qarşısında hələ uzun və çətin yollar var.

Digər Kateqoriyalar

2025 © Azervoice