Bakı, AzerVoice
Qazaxıstan Aktau yaxınlığında qəzaya uğramış Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəza səbəblərinin obyektiv və qərəzsiz araşdırılmasını təmin edib.
AzerVoice xəbər verir ki, bu haqda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yerli KİV-ə verdiyi müsahibədə deyib.
"Aktau şəhəri yaxınlığında qəzaya uğramış Azərbaycanın AZAL hava yolları şirkətinə məxsus sərnişin təyyarəsinin "qara qutularının" Braziliyaya göndərilməsi hadisənin daha obyektiv araşdırılmasına imkan verəcək", - o qeyd edib.
Qazaxıstanlı dövlət başçısının sözlərinə görə, istintaq məqsədilə hökumət komissiyası yaradılıb və xüsusilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Dövlətlərarası Aviasiya Komitəsindən 17 beynəlxalq ekspert dəvət olunub.
"Hökumət komissiyası gəminin istehsal olunduğu Braziliyaya uçuş registratorlarını deşifrə etmək qərarına gəlib. Mən əminəm ki, bu, təhqiqatın obyektivliyini və qərəzsizliyini təmin etmək üçün yeganə düzgün qərardır", - deyə Tokayev Qazaxıstanın "Ana dili" qəzetinə verdiyi müsahibədə bildirib.
Bundan əvvəl Qazaxıstanın Nəqliyyat Nazirliyinin Mətbuat Xidməti Aktauda qəzaya uğramış AZAL-a məxsus sərnişin təyyarənin "qara qutularının" Braziliyaya göndərildiyini bəyan etmişdi.
Tokayev, həmçinin, qeyd edib ki, qazaxıstanlı xilasedicilər, mediklər, polislər qəza zamanı operativ hərəkət etməklə, yüksək peşəkarlıq və vətəndaş məsuliyyəti nümayiş etdiriblər.
"Faciənin baş verdiyi yerin yaxınlığında olan Mangistau Regional Elektrik Şəbəkə Şirkətinin əməkdaşları dərhal zərərçəkənlərin yardımına gəlib. Yerli sakinlər də hadisəyə biganə qalmayıblar. Bizim vətəndaşların bu cür fədakarlığı sayəsində maksimum dərəcədə çox insanın həyatını xilas etmək mümkün olub. Xilasetmə işlərində iştirak etmiş hər bir kəsə öz səmimi təşəkkürümü ifadə edirəm", - deyə Tokayev vurğulayıb.
Xatırladaq ki, qəza vaxtı J2-8243 Bakı-Qroznı hava reysi ilə uçan AZAL-a məxsus"Embraer 190" sərnişin təyyarəsinin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub. İnsident nəticəsində 38 nəfər həlak olub, 29 nəfər müxtləlif dərəcəli xəsarətlər alıb