Bakı. AzerVoice
Ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində yaralanan daha 7 Azərbaycan vətəndaş “Yeni Klinika”ya gətirilib.
AzerVoice xəbər verir ki, yüngül xəsarətlər alan vətəndaşlarımız AZAL-ın xüsusi reysi ilə Bakıya gətiriliblər.
Qeyd edək ki, bir qədər öncə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan daha 7 Azərbaycan vətəndaşı və həlak olan 4 nəfərin nəşi Aktau şəhərindən Bakıya gətirilib.
Bir neçə saat əvvəl isə qəzada ağır yaralanmış 7 Azərbaycan vətəndaşı FHN-nin xüsusi təyyarəsi ilə ölkəyə gətirilib. Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib.
Onlar da “Yeni Klinika”ya yerləşdirilib.
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.