Əsas səhifə » Livan iki HƏMAS üzvünü həbs edib

Livan iki HƏMAS üzvünü həbs edib

BAKI, AzerVoice

Livan hakimiyyəti İsrailə qarşı raket hücumu ilə əlaqədar “HƏMAS”a mənsub iki fələstinlini həbs edib.

AzerVoice xəbər verir ki, Livan Ordusunun Kəşfiyyat İdarəsi ötən ay İsrailin şimalına raket atılması ilə bağlı istintaq çərçivəsində “HƏMAS” hərəkatının iki üzvünü həbs edib.

Saxlanma əməliyyatları Sidon da daxil olmaqla, bir neçə bölgədə həyata keçirilib.

Qeyd edək ki, ötən ay Livanın cənubundan İsrailin Mətu'lla və Kiryat Şmona bölgələrinə “primtiv raketlər” atılmış, İsrailin hava hücumundan müdafiə sistemləri onların qarşısını almışdı. Daha sonra İsrail ordusu bu hücumlara cavab olaraq Livanın cənubuna və Beyrutun cənub kənarlarına hava zərbələri endirmişdi.

İstintaq nəticəsində raketlərin Nəbatiyyə vilayətinin müxtəlif bölgələrindən atıldığı və hücumların livanlılar, fələstinlilər və bir suriyalıdan ibarət qrup tərəfindən həyata keçirildiyi müəyyən olunub. Raket buraxılış platformaları Litani çayının şimalında aşkarlanıb.

Livan təhlükəsizlik orqanları koordinasiyalı əməliyyatlar nəticəsində bir neçə şübhəlini saxlayıb. Onların bir qismi dindirildikdən sonra sərbəst buraxılıb, digərləri isə istintaq altında qalır.

Raket hücumlarında iştirakda şübhəli bilinən iki fələstinlinin HƏMAS-a mənsub olduğu bildirilir. Hücumlarda istifadə edilən avadanlıqlar da əməliyyatlar zamanı ələ keçirilib. Rəsmi istintaq davam edir və ilkin dəlillər onların hücumlarda iştirakını təsdiqləyir.

Digər Kateqoriyalar

2025 © Azervoice