BAKI, AzerVoice
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda bir neçə nöqtəyə hava zərbələri endirib.
AzerVoice xəbər verir ki, bu barədə Livan mətbuatı məlumat yayıb.
Belə ki, İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın cənubundakı Vadi əl-Hucayr yolunda “Rapid” markalı avtomobili hədəfə alıb. Nəticədə bir nəfər ölüb, bir nəfər isə yaralanıb. İsrail ordusunun sözçüsü Aviay Adrai bildirib ki, zərbə Hizbullahın “Rizvan Qüvvələri”nin üzvünə qarşı, əl-Qantara bölgəsinə endirilib.
İsrailə məxsus başqa bir PUA Livanın Hanin bölgəsində bir motosikleti hədəfə alıb. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, bu hücum nəticəsində bir mülki şəxs həyatını itirib, digəri isə yaralanıb.
Digər tərəfdən, İsrailə məxsus buldozer və digər texnikalar Livanın cənubundakı Ayta əş-Şaab bölgəsində, əl-Hədəb – Xallat Vərdə yolunda, beton divarın yaxınlığındakı sahəni dağıdaraq yol salıblar. Həmin bölgədə kəşfiyyat təyyarələrinin də uçuşları müşahidə edilib.
Gecə saatlarında isə İsrail ordusu cənubi Livanın Təyərhəfa qəsəbəsində “Risalə” İslam Cəmiyyətinə məxsus Mülki Müdafiə Mərkəzini və iki modul evi hədəfə alıb. Bundan əlavə, Livanın Şihin qəsəbəsindəki digər modul evlər də bombardmana məruz qalıb.