Əsas səhifə » BMT İsrail-Livan gərginliyindən narahatdır

BMT İsrail-Livan gərginliyindən narahatdır

Bakı, AzerVoice

BMT-nin Livandakı müvəqqəti qüvvələri (UNIFIL) Livandan İsrail ərazisinə edilən hava hücumlarından və İsrailin bu hücumlara qarşı cavab zərbələri ilə bağlı narahatlıqlarını bildirib.

AzerVoice xəbər verir ki, bu barədə sülhməramlıların rəsmi nümayəndəsi Andrea Tenentinin X platformasında yaydığı bəyanatda deyilir.

"UNIFIL komandası Livanın cənubundan Metula şəhərinə atılan dörd raket zərbəsinə cavab olaraq İsrailin Livana raket zərbələri endirməsindən narahatdır. Bu vəziyyət zorakılığın daha da artmasına səbəb ola bilər",- deyə bəyanatda qeyd olunub.

Sülhməramlılar, həmçinin, bütün tərəfləri atəşkəs rejimini və bölgədəki sabitliyi təhlükəyə atacaq hər hansı bir addımdan çəkinməyə çağırıb.

Məlumat üçün bildirək ki, İsrailin Livananın cənubuna etdiyi hücumlar nəticəsində ən azı dörd nəfər həlak olub. İsrail ordusu ötən ilin noyabr ayından sonra ilk dəfə Livana raket hücumu edib.

Tenenti əlavə edib ki, "daha da artan zorakılıq Yaxın Şərq üçün ciddi nəticələrə yol aça bilər". Onun sözlərinə görə, "mavi dəbilqəlilər" Livan-İsrail sərhədində öz sülhməramlı missiyalarını davam etdirirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice