Bakı, AzerVoice
Livan Prezidenti Cozef Aun bazar günü bildirib ki, Livan “başqalarının müharibələrindən yorulub” və livanlıların birliyi istənilən itkiyə və ya təcavüzə qarşı ən yaxşı cavabdır.
AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, Aun bu fikirləri İran nümayəndə heyəti ilə görüşü zamanı deyib. Görüşdə İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas İraqçi və digər nümayəndələr iştirak ediblər.
Livan Prezidenti vurğulayıb ki, ölkəsi Fələstin məsələsi uğrunda böyük bədəl ödəyib və Ər-Riyadda keçirilən son sammitin “iki dövlətli həll” barədə qərarını dəstəklədiyini bildirib.
Öz növbəsində Qalibaf Livanın daxili işlərinə xarici müdaxilələrdən uzaq, hər hansı bir qərarını dəstəklədiklərini qeyd edərək deyib: “Tehran İsrailin təcavüzü nəticəsində dağıdılanların bərpasında ərəb və İslam ölkələri ilə əməkdaşlığa hazırdır.”
Qeyd edək ki, İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Araqçinin rəhbərlik etdiyi nümayəndə heyəti Beyruta səhər saatlarında gəlib. Onlar 2024-cü il sentyabrın 27-də və oktyabrın 3-də İsrailin hava hücumlarında həlak olan “Hizbullah“ın keçmiş baş katibi Həsən Nəsrullah və onun varisi Haşim Səfiəddinin dəfn mərasimində iştirak ediblər.