Əsas səhifə » İsrail bütün ərazilərdən geri çəkilməlidir - Livan

İsrail bütün ərazilərdən geri çəkilməlidir - Livan

Bakı, AzerVoice

Livan Prezidenti Cozef Aun, Parlamentin Spikeri Nəbih Berri və Baş Nazir Navaf Salam bu gün İsrailin Livanın bütün ərazilərindən geri çəkilməli olduğunu vurğulayaraq, Livan ordusunun öz vəzifələrini yerinə yetirməyə tam hazır olduğunu bəyan ediblər.

AzerVoice xəbər verir ki, üç lider Baabda Sarayında keçirilən görüşdən sonra verdikləri birgə bəyanatda bildiriblər ki, İsrailin davam edən pozuntularına baxmayaraq, Livan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə tam sadiq qalır.

Liderlər Livan ordusunun beynəlxalq tanınmış sərhədlər daxilində ölkənin suverenliyini və bölgə əhalisini qorumaq üçün bütün vəzifələrini yerinə yetirməyə hazır olduğunu vurğulayıblar. Onlar həmçinin xatırladıblar ki, atəşkəs razılaşmasının 12-ci bəndinə əsasən, onun tam icrası 60 gündən artıq çəkməməlidir.

"İsrail öhdəliklərini yerinə yetirmədiyi üçün, onun pozuntularını həll etmək və beynəlxalq sərhədlərə geri çəkilməsini təmin etmək məqsədilə BMT Təhlükəsizlik Şurasına müraciət etmək qərarına gəldik.” - deyə birgə bəyanatda deyilir.

Bu gün səhər saatlarında İsrail qüvvələri Livanın cənubundakı bəzi şəhər və kəndlərdən geri çəkilsə də, sərhəddə yerləşən beş strateji nöqtədə mövcudluğunu qoruyub saxlayıb.

Qeyd edək ki, Noyabr ayında əldə edilmiş atəşkəs razılaşmasına əsasən, İsrail qüvvələrinə Hizbullah ilə bir ildən artıq davam edən döyüşlərdən sonra Livanın cənubundan çıxmaq üçün 60 gün vaxt verilmişdi.

Daha sonra bu müddət 2025-ci il fevralın 18-dək uzadıldı, lakin İsrail ordusu bəyan edib ki, bu tarixdən sonra da onun qüvvələri Livanın cənubundakı beş strateji məntəqədə qeyri-müəyyən müddətə qalacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice