Bakı, AzerVoice
İran, Əsəd rejiminin devrilməsindən sonra Suriyadan Livana qaçan sabiq prezidentin tərəfdarlarını müdafiə etməyə çalışır.
AzerVoice xəbər verir ki, Livanın siyasi və təhlükəsizlik dairələri İranın Livana qaçan Əsəd tərəfdarları ilə bağlı açıq-aşkar narahatçılığına təəccüblənib.
Belə ki, keçmiş rejimin tərəfdarlarının Livanda ola biləcəyinə və Tehranın onların hüquq və təhlükəsizlik müdafiəsini təmin etməyə çalışdığına dair şübhələr artıb.
Bununla belə, mənbəələr, İranın əsl məqsədinin Suriyadakı iranlıların təhlükəsiz keçidini təmin etmək, onların Livana köçürülməsini və nəticədə Beyrut hava limanı vasitəsilə Tehrana geri qaytarılmasını asanlaşdırmaq olduğunu vurğulayıb.
Məlumat üçün bildirək ki, İran xarici işlər nazirinin konsulluq və parlament məsələləri üzrə müavini Vahid Cəlalzadə Beyruta gözlənilməz səfər edib və burada Livanın xarici işlər naziri Abdullah Bu Həbib və baş təhlükəsizlik rəisi general-mayor İlyas Əl-Baysari ilə görüşüb. Səfəri zamanı o, yeni gələn suriyalı qaçqınlara beynəlxalq yardıma çağırıb və onların Livanda uzunmüddətli qalmasına işarə edib.
Hesabatlar göstərir ki, Əsədin devrilməsindən sonra bir neçə yüksək rütbəli suriyalı zabit Livana qaçıb.
Livan, Əsədin keçmiş rejimindən olan bir neçə fiqur, o cümlədən Rifat Əsəd, Buthaina Şaaban və Mahir Əsəd ailəsi üçün keçid məntəqəsinə çevrilib. Bəzi suriyalı kəşfiyyatçıların da Əsəd tərəfdarı siyasi partiyaların himayəsi altında Livana sığındığı ehtimal edilir. Lakin Livanın təhlükəsizlik orqanları onların mövcudluğu barədə hər hansı məlumatı inkar edir.