Bakı, AzerVoice
İsrail ordusu atəşkəsə baxmayaraq, Livanın şərqindəki Bekaa vadisinə hava hücumu təşkil etdiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, İsrail ordusu Beyrut və Təl-Əviv arasında 27 noyabr 2024-cü ildə imzalanmış atəşkəs razılaşmasını pozmaqda davam edir.
Ordudan verilən yazılı açıqlamada gecə saatlarında Bekaa vadisində bir çox nöqtəyə hava hücumu təşkil edildiyi bildirilib.
Bəyanatda hədəf alınan məntəqələrin “Hizbullaha aid olduğu” və vurulan yerlər arasında Livan-Suriya sərhədində “silah qaçaqmalçılığı üçün istifadə edildiyi” iddia edilən infrastruktur nöqtələrinin də olduğu qeyd edilib.
Hücumlarda hər hansı itki olub-olmaması ilə bağlı Livan rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Livan və İsrail arasında 27 noyabr 2024-cü ildə atəşkəs əldə edilib. Bu atəşkəs çərçivəsində İsrail ordusunun 60 gün ərzində Livanın cənubunda tutduğu məntəqələrdən geri çəkilməsi tələb edilib. Lakin İsrail Livan ordusunun ölkənin cənubunda “tam qurulmadığını” iddia edərək işğal müddətini fevralın 18-dək uzadıb.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ordusunun yanvarın 26-dan bu yana həyata keçirdiyi hücumlarda 26 nəfər ölüb, 206 nəfər yaralanıb.