Bakı,
AzerVoice
Fransa Prezidenti Emmanuel Makron bu gün Livana səfər edib.
AzerVoice xəbər verir ki, onun əsas
məqsədi Livanda siyasi barışıq prosesini dəstəkləmək və ölkənin
mövcud çətinliklərinin aradan qaldırılmasına beynəlxalq dəstək
təmin etməkdir.
Makron Livan prezidenti Cozef Aun və baş nazir vəzifəsinə təyin
edilmiş Navaf Salamla görüşərək, Livanın suverenliyinin
gücləndirilməsi, rifahın təmin edilməsi və milli birliyin qorunması
yollarını müzakirə edəcək.
Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası Livanın bütün siyasi tərəflərini birliyə çağıraraq, Navaf Salam rəhbərliyində hökumətin sürətlə qurulmasının vacibliyini vurğulayıb. Şura Livanın İsraillə sərhəddə baş verən gərginliklərə və İsrailin davam edən hərbi əməliyyatlarına diqqət çəkərək, bu hərəkətlərin İsrail-Livan atəşkəsini pozduğuna görə narahatlığını bildirib.
Həmçinin, Makronun səfəri zamanı Livan üçün beynəlxalq dəstək paketinin təqdim ediləcəyi gözlənilir. Bu paket, Livanın iqtisadi və sosial problemlərinin həllinə kömək edəcək humanitar, texniki və iqtisadi yardımları əhatə edəcək. Prezident Makron bu mövzuda Livanın birliyi və rifahı üçün simvolik addımların atılacağına söz verib.