Əsas səhifə » İŞİD-ə qarşı ortaq əməliyyat otağı qurulacaq

İŞİD-ə qarşı ortaq əməliyyat otağı qurulacaq

Bakı, AzerVoice

İordaniya, Türkiyə, İraq, Suriya və Livan İŞİD-lə mübarizə üçün ortaq əməliyyat otağı quracaq.

AzerVoice xəbər verir ki, bu barədə İordaniyada keçirilən Təhlükəsizlik sammitində təqdim edilən yekun bəyanatda deyilir.

Bu görüşdə əsas müzakirə mövzuları arasında Suriya və region üçün İŞİD terror təşkilatının yaratdığı təhlükə ön plana çıxıb. Beş ölkə bu təhdidə qarşı ortaq bir əməliyyat otağının yaradılması qərarına gəlib.

Bəyanatda Suriya hökumətinin suverenliyi, sabitliyi və təhlükəsizliyini sarsıtmağa yönəlmiş bütün təşəbbüslərin qınandığı və Dəməşq rəhbərliyinə dəstəyin ifadə edildiyi bildirildi.

Görüşdə Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, İordaniya Xarici İşlər Naziri Əymən əs-Səfədi, İraq Xarici İşlər Naziri Fuad Hüseyn, Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani və Livan Xarici İşlər Naziri Yusif Rəcci iştirak ediblər.

iordaniya Xarici İşlər Naziri Əymən əs-Səfədi, Suriyada və regionda sabitliyin qorunmasının bütün qonşu ölkələr üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayaraq, terror təhlükəsinə qarşı ortaq mübarizənin zəruri olduğunu qeyd edib.

İraq Xarici İşlər Naziri Fuad Hüseyn isə İraqın İŞİD-dən ağır ziyan çəkdiyini və bu terror təşkilatına qarşı mübarizənin yalnız Suriya ilə məhdudlaşmamalı, bütün region səviyyəsində aparılmalı olduğunu vurğulayıb.

Livan Xarici İşlər Naziri Yusif Rəcci də Suriya sabitliyinin Livan üçün kritik önəmə sahib olduğunu qeyd edib.

Qeyd edək ki, növbəti sammit aprel ayında Türkiyənin ev sahibliyi ilə keçiriləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice