BAKI, AzerVoice
Alimlər fizika qanunlarını alt-üst edən material kəşf ediblər
AzerVoice xəbər verir ki, amerikalı
alimlər qızdırıldıqda büzülən, sıxıldıqda isə genişlənən qeyri-adi
material kəşf ediblər.
Bu yeni material termodinamikanın əsas qanunlarına zidd davranışı
ilə elm dünyasında böyük maraq doğurub.
Çikaqo Universiteti və Kaliforniya Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış bu metastabil materiallar həm istilik, həm də təzyiq altında qeyri-adi şəkildə reaksiya verir. Məsələn, material qızdırıldıqda genişlənmək əvəzinə həcmini kiçildir, sıxıldıqda isə genişlənir.
Qeyd edək ki, araşdırmaya rəhbərlik edən Prof. Dr. Şirli Menqin sözlərinə görə, bu materialların xassələri redoks kimyası vasitəsilə tənzimlənə bilər. Bu isə elektrikli avtomobillərin köhnəlmiş akkumulyatorlarının ilk vəziyyətinə qaytarılması, sıfır istilik genişlənməsi olan konstruksiyalar və istiliyədavamlı sistemlər üçün yeni imkanlar açır.
Tədqiqat nəticələri göstərib ki, materiala elektrik gərginliyi tətbiq edilməklə onun ilkin sabit vəziyyətinə qaytarılması mümkündür. Bu isə akkumulyatorların daha uzunömürlü və effektiv olmasına səbəb ola bilər.
Alimlərin məqsədi bu elmi kəşfi sənaye miqyasında tətbiq edilə bilən texnologiyaya çevirməkdir. Hazırda maddənin kimyəvi davranışları daha dərindən araşdırılır və onun enerji saxlama sistemlərindən kosmosa qədər geniş tətbiq imkanları öyrənilir.