Əsas səhifə » Suyun mənşəyi barədə yeni nəzəriyyə irəli sürülüb

Suyun mənşəyi barədə yeni nəzəriyyə irəli sürülüb

BAKI, AzerVoice

Yerdəki suyun mənşəyi barədə köhnə nəzəriyyə şübhə altındadır

AzerVoice xəbər verir ki, Oksford Universiteti və Böyük Britaniyanın milli sinxrotron elmi müəssisəsi tərəfindən aparılan yeni tədqiqat Yerdəki suyun mənşəyi ilə bağlı geniş qəbul olunmuş nəzəriyyəni sarsıdıb.

Alimlər əvvəllər Yerə suyun sonradan, meteoritlər və kometlərlə daşındığına inanırdılar. Lakin son tapıntılar göstərir ki, su planetin ilkin tikinti bloklarında, yəni yaranışından etibarən mövcud olub.

Araşdırmada “enstatit xondritlər” (EC) adlanan nadir meteoritlər tədqiq olunub. Bu süxurlar Yer kürəsinin ilk əmələ gəlmə mərhələsindəki materiallarla oxşar tərkibə malikdir. Qabaqcıl rentgen analiz texnikaları vasitəsilə onların içərisində okean miqyasında hidrogenin olduğunu müəyyən edən tədqiqatçılar, bu elementin sonradan deyil, Yer materiallarında təbii olaraq mövcud olduğunu sübut ediblər.

Qeyd edək ki, Oksford Universitetindən geoloq Dr. Ceyms Brayson bu nəticələrin Yer üzündəki suyun təbii proseslərlə formalaşdığına dair mövqeni gücləndirdiyini bildirib. Onun sözlərinə görə, bu kəşf planetin təkamül tarixinin yeni istiqamətdə izahına imkan yaradır.

Araşdırmada həmçinin qeyd olunur ki, hidrogen planetin ilkin süxurlarının təmiz, çirklənməmiş hissələrində aşkarlanıb. Bu da onun sonradan əlavə olunmadığını, Yer kürəsinin strukturunda əvvəldən mövcud olduğunu göstərir. Tədqiqatçılar bu hidrogenin oksigenlə birləşərək su yaratmaq üçün əlverişli şəraitdə olduğunu bildiriblər.

Oksford Universitetindən Dr. Tomas Barret isə meteorit nümunələrində hidrogen sulfidi aşkar etdiklərini və bunun mühüm dəlil olduğunu vurğulayıb.

Qeyd edək ki, bu nəzəriyyə 2020-ci ildə aparılan bir tədqiqatda da gündəmə gətirilmişdi. Lakin o zaman hidrogenin mənşəyi dəqiq müəyyən olunmamışdı. Yeni araşdırma bu boşluqları doldurur və nəticələr nüfuzlu “Icarus” elmi jurnalında dərc olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice