BAKI, AzerVoice
Yeni elmi araşdırma kərə yağı istifadəsinin ölüm riski ilə əlaqəli olduğunu ortaya qoyub. ABŞ-da aparılan və “JAMA Internal Medicine” jurnalında dərc edilən araşdırma nəticələrinə görə, kərə yağından müntəzəm istifadə edən şəxslərdə ölüm riski bitki mənşəli yağlar istifadə edənlərlə müqayisədə 15 faiz daha yüksəkdir.
Tədqiqat çərçivəsində ABŞ-da yaşayan 221 min orta və yaşlı insanın son 30 illik qidalanma vərdişləri və sağlamlıq göstəriciləri analiz edilib. Məlum olub ki, bitki mənşəli yağları daha çox istifadə edən şəxslərdə ölüm riski 16 faiz daha aşağı, kərə yağı əvəzinə bu yağlara keçid isə 17 faiz daha az ölüm riski ilə əlaqəlidir.
Tədqiqatda həmçinin qeyd olunub ki, bütün bitki mənşəli yağlar eyni dərəcədə faydalı deyil. Zeytun yağı, soya yağı, kolza və kanola yağı kimi doymamış yağlarla ürək və onkoloji xəstəliklərin riski azalır. Lakin qarğıdalı və zəfəran (aspir) yağlarında bu cür müsbət təsir müşahidə olunmayıb.
Təhlil zamanı palma və kokos yağları kimi doymuş yağlar da araşdırmaya daxil edilməyib.
Tədqiqatda qarğıdalı, pambıq, ayçiçəyi, üzüm çəyirdəyi və düyü kəpəyi yağları kimi toxum mənşəli yağlara dair mübahisələrə də toxunulub. Cəmiyyətdə bu yağların tip 2 diabet və ürək xəstəliklərinə səbəb ola biləcəyi fikri yayılıb.
Lakin alimlər bildirirlər ki, bu yağlar adətən fast food məhsullarında istifadə olunur və bu məhsulların tərkibində duz və işlənmiş karbohidratların yüksək olması sağlamlığa zərər verən əsas faktorlardandır.