BAKI, AzerVoice
Sağlam həyat üçün düzgün qidalanma əsas şərtlərdən biridir. Bədənin əsas enerji və inkişaf mənbələrindən biri olan protein (zülal) insan orqanizminin normal fəaliyyəti üçün əvəzolunmaz qida maddəsidir. Həkimlər və qidalanma mütəxəssisləri xəbərdarlıq edirlər ki, protein çatışmazlığı ciddi sağlamlıq problemlərinə yol aça bilər.
İnsan orqanizmi üçün vacib olan üç əsas makronutrient – yağlar, karbohidratlar və proteinlər – arasında proteinlər xüsusilə əhəmiyyətli yer tutur. Onlar yalnız enerji mənbəyi deyil, həm də orqanizmdə müxtəlif həyati funksiyaları yerinə yetirən fermentlərin, hormonların və toxumaların tərkib hissəsidir.
Mütəxəssislərin fikrincə, zülallar hər bir hüceyrənin strukturunda yer alır və gündəlik olaraq bədənin toxumalarını bərpa etmək, yeniləmək üçün istifadə olunur.
Proteinlər əzələlərin qurulması və saxlanılmasında da əsas rol oynayır. Xüsusilə idmanla məşağul olan insanlar üçün protein ehtiyacının qarşılanması vacibdir. Əks halda, əzələ zəifliyi, yorğunluq, bərpa prosesinin ləngiməsi və immunitetin azalması müşahidə oluna bilər.
Zülal əsasən iki növ qidada olur: heyvani və bitki mənşəli məhsullarda. Ət, toyuq, balıq, yumurta, süd və pendir kimi heyvani qidalar amin turşuları baxımından daha tam tərkibə malikdir. Paxlalılar (mərcimək, noxud, lobya), kinoa, yulaf, badam və fındıq kimi bitki mənşəli məhsullar da sağlam protein mənbəyidir. Xüsusilə vegeterian və vegan qidalanan şəxslərin müxtəlif bitki mənşəli zülalları birləşdirərək balanslı şəkildə qəbul etməsi tövsiyə olunur.
Zülal çatışmazlığı hallarında dəridə solğunluq, saç tökülməsi, dırnaqların zəifləməsi, yara və zədələrin gec sağalması, uşaqlarda böyümə ləngiməsi kimi əlamətlər ortaya çıxa bilər.