Əsas səhifə » Nəsli kəsilmiş canavarlar yenidən canlandırılır

Nəsli kəsilmiş canavarlar yenidən canlandırılır

BAKI, AzerVoice

ABŞ alimləri, nəsli 10.000 il əvvəl kəsilmiş canavarlara bənzəyən genetik olaraq dəyişdirilmiş üç canavar balası yaratmağa nail olublar.

AzerVoice xəbər verir ki, Colossal Biosciences şirkəti qədim heyvan növlərini yenidən dirçəltmək məqsədilə apardığı tədqiqat çərçivəsində, boz canavardan götürülmüş genetik materialı ev itindən əldə edilmiş yumurta hüceyrəsinə yerləşdirərək, CRISPR texnologiyası vasitəsilə dəyişikliklər aparıb.

Daha sonra bu hüceyrələr süni mayalanma yolu ilə ev itlərinə yerləşdirilib və 62 günlük hamiləlikdən sonra üç canavar balası dünyaya gəlib.

Hazırda balalar ABŞ-da adı açıqlanmayan təhlükəsiz bir zonada yaşayır. Onların 3-6 aylıq olduğu, uzun ağ tükləri, güclü əzələli çənələri və 80 kiloqrama yaxın çəkilərinin olduğu bildirilib. Alimlərin sözlərinə görə, bu balaların böyüdükdə çəkilərinin 140 kiloqrama qədər çatacağı gözlənilir. Layihənin rəhbəri, Colossal-ın baş alimi Beth Shapiro qeyd edib ki, bu proses tam olaraq nəsli kəsilmiş növün bərpası olmasa da, onun xüsusiyyətlərinə çox yaxın nəticə əldə olunub.

Tədqiqatçılar qədim canavar DNT-sini analiz etmək üçün Ohayoda tapılmış 13 min illik diş və Aydahoda aşkar olunmuş 72 min illik kəllə fosillərindən istifadə ediblər. Bu məlumatlar sayəsində canavarların xarici görünüşü və genetik xüsusiyyətləri təkrar modelləşdirilib.

Qeyd edək ki, bu tədqiqat, genetik mühəndisliyin canlıların bərpası sahəsində nə qədər irəli getdiyini göstərir. Lakin bir çox elm adamı bu cür müdaxilələrin etik tərəflərini və ekosistemə potensial təsirlərini də müzakirə edir.

Digər Kateqoriyalar

2025 © Azervoice