Əsas səhifə » Meyvədəki şəkərlə şirniyyatdakı şəkər arasındakı fərq nədir?

Meyvədəki şəkərlə şirniyyatdakı şəkər arasındakı fərq nədir?

BAKI,AzerVoice

Meyvələrdə və emal olunmuş şirniyyatlarda şəkər olsa da, bu şəkərlərin mənbəyi, tərkibi və bədənə təsiri bir-birindən fərqlənir.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, meyvələrdə olan şəkər əsasən fruktoza və qlükoza formasında olur. Bu iki şəkər növü birləşəndə saxaroza yəni bizim gündəlik istifadə etdiyimiz ağ şəkər meydana gəlir.

Saxaroza demək olar ki, bütün bitkilərdə olur, lakin şəkər qamışı, şəkər çuğunduru, xurma və balda daha yüksək miqdarda mövcuddur.

Emal olunmuş qidalarda, xüsusilə şirniyyat və qazlı içkilərdə istifadə olunan şəkər isə əsasən sənaye üsulu ilə əldə edilən saf saxarozadır. Bu şəkər yüksək dərəcədə təmizlənmiş, rəngləyicilərdən təmizlənmiş və kristal halına gətirilmiş formada istehsal olunur. Yəni təbiətdəki şəkərdən daha konsentrat və daha “boş” bir enerji mənbəyidir.

Meyvələrdə şəkərin miqdarı nisbətən azdır və şəkər təkbaşına deyil, lif, vitaminlər və minerallarla birlikdə gəlir. Məsələn, orta ölçülü bir alma təxminən 19 qram şəkər ehtiva edir, amma bu şəkər liflə birlikdə orqanizmə daxil olur və qan şəkərinin birdən-birə yüksəlməsinin qarşısını alır. Bu xüsusiyyət, xüsusilə şəkərli diabet xəstələri üçün olduqca əhəmiyyətlidir.

Əksinə, şokolad, konfet və qazlı içkilər kimi emal olunmuş məhsullarda şəkər miqdarı daha yüksəkdir və bədənin ehtiyac duyduğu digər faydalı maddələr məsələn, lif və vitaminlər bu qidalarda demək olar ki, yoxdur. Məsələn, bir şokolad batonunda orta hesabla 35 qram şəkər, bir banka qazlı içkidə isə 39 qramadək şəkər ola bilər. Bu da qan şəkərinin sürətlə qalxmasına və bədənin insulin reaksiyasını çətinləşdirməsinə səbəb ola bilər.

Nəticə olaraq, meyvədəki şəkər təbii, faydalı maddələrlə zəngin və bədən tərəfindən daha yavaş mənimsəniləndir. Şirniyyatdakı şəkər isə daha emal olunmuş, qida dəyəri az və sağlamlıq üçün risk daşıyan bir enerji mənbəyidir. Sağlam qalmaq üçün meyvəni seçmək və emal olunmuş şəkərdən mümkün qədər uzaq durmaq daha doğrudur.

Digər Kateqoriyalar

2025 © Azervoice