BAKI,AzerVoice
Araşdırmaçılara görə, böcəklərlə yayılan xəstəliklərin yayılmasının qarşısını almağın bir yolu, heyvanların və insanların qanını zəhərli hala gətirməkdir.
Araşdırmaçılar, ümumiyyətlə nadir xəstəliklər üçün təyin edilən bir dərmanın, insan qanını ağcaqanadlar üçün ölümcül hala gətirə biləcəyini və bir sıra xəstəlikləri önləmək üçün potensial bir yol təqdim etdiyini kəşf ediblər.
Araşdırmada iştirak edən alimlər, xüsusi olaraq müəyyən amin turşularını parçalamaqda çətinlik çəkən nadir irsi xəstəliyi olan şəxslərə verilən nitisinon adlı dərmanı sınayıblar.
Dərman, insan bədənində zərərli xəstəlik yan məhsullarının toplanmasının qarşısını almaq məqsədilə bir enzimi bloklayaraq işləyir.
Science Translational Medicine jurnalında yayımlanan araşdırmaya görə, ağcaqanadlar nitisinon tərkibli qanı udduqda, dərman bədənlərindəki enzimi bloklayaraq qanı düzgün şəkildə həzm etmələrinə mane olur və sürətlə ölürlər.
Başqa bir üsul da parazitləri öldürmək üçün istifadə olunan ivermektin dərmanıdır. Lakin bu dərmanın təkrarlanan istifadəsi dərman müqavimətinə səbəb ola bilər və ətraf mühit üçün toksik ola bilər.
Notre Dame Universitetində biologiya elmləri professoru və araşdırmanın həmmüəllifi Alvaro Akosta Serrano isə, "Nitisinon çox yaxşı işləyir," deyib.
"İnsan qanında ivermektindən daha uzun yarılanma ömrünə sahibdir, bu da ağcaqanadları öldürən təsirinin insan bədənində daha uzun müddət dövr etməsini təmin edir. Bu, təhlükəsizlik və iqtisadi baxımdan sahədə tətbiq edildikdə çox önəmlidir" - deyə, o bildirib.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinə (ECDC) görə, ağcaqanadlardan ötürülən xəstəliklər arasında sıtma, dang qızdırması, Qərbi Nil virusu, chikungunya və sarı qızdırma da yer alır.