BAKI,AzerVoice
Alimlər, döymə boyasına məruz qalan şəxslərin limf və dəri xərçənginə tutulma ehtimalının, döyməsi olmayan şəxslərə nisbətən daha yüksək olduğunu müəyyən ediblər.
Cənubi Danimarka Universiteti ilə Finlandiyanın Helsinkidəki Universitetindən olan alimlər, döymə boyasının bədəndəki təsirini araşdırmaq məqsədilə 5 min 900-ə yaxın ekiz qardaşın sağlamlıq məlumatlarını təhlil ediblər.
Genetik fərqlilikləri minimuma endirmək üçün ekizlər üzərində aparılan araşdırmaları təhlil edən tədqiqatçılar, döymə etdirən şəxslərin dəri xərçənginə tutulma riskinin, döyməsi olmayanlara nisbətən 1,62 dəfə daha yüksək olduğunu aşkar ediblər.
Döymə ölçüsü ilə xərçəng riski arasındakı əlaqəni də araşdıran alimlər, "ovuc içindən böyük" döymələri olan şəxslərdə dəri xərçəngi riskinin döyməsi olmayanlara nisbətən 2,37 dəfə, limf xərçəngi riskinin isə 2,73 dəfə yüksək olduğunu müəyyən ediblər.
Tədqiqatda, döymə boyasının rənginin xərçəng inkişafı ilə birbaşa əlaqəsinin olmadığı qeyd olunub.
Alimlər, döymə boyasında olan kiçik hissəciklərin qan dövranına daxil olub limfa düyünlərində toplanaraq immun sistemini zorlayıb uzun müddətdə xərçəng riskini artıra biləcəyini bildiriblər.
Döymə boyasının tək başına bir risk faktoru olub-olmamasını anlamaq üçün daha geniş miqyaslı araşdırmalara ehtiyac olduğunu vurğulayan alimlər, yüksək səviyyəli qurumlara bu mövzuda nəzarəti artırmağa çağırıblar.